23:50, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 384

Ekspert: "Ölkədə ərzaq qıtlığı var" - MÜSAHİBƏ

Ekspert:
2018-ci ilin bitməsinə təqribən bir ay müddət qalıb.

Bu il ərzində Azərbaycanın kənd təsərrüfatı sahəsinin iqtisadiyyatı ilə bağlı, həmçinin yeni il öncəsi hansı məhsullarda qiymət artımlarının gözlənilməsi, əhalinin görə biləcəyi tədbirlərlə bağlı Toplum.tv kənd təsərrüfatı  üzrə ekspert Vahid Məhərrəmovla müsahibə edib.

"Bu il Azərbaycanda dünyanın heç bir ölkəsində olmayan hadisə baş verdi”

- Vahid bəy, bildiyiniz kimi bu il ölkəyə yeni Kənd təsərrüfatı naziri təyin olundu. İl ərzində kənd təsərrüfatının inkişafı sahəsində dəyişikliklər olubmu?

- Ümumiyyətlə, bu ilin bir hissəsində əvvəlki nazir fəaliyyət göstərirdi. Onun fəaliyyəti qış mövsümünə düşmüşdü. İndiki nazirin fəaliyyəti  yaz əkininin başlanılması ərəfəsinə, bitkilərin becərilməsi zamanına təsadüf edib. Həmçinin məhsul yığımı da yeni nazirin təyinatından sonraya təsadüf edib. Ümumilikdə bu müddət ərzində biz görürük ki, kənd təsərrüfatında bir sıra məhsulların qiymətində kəskin bahalaşma baş verir. Məsələn, qoyun əti 11 manatdan artıb 13-15 manata təklif olunur, mal ətinin qiymətində  də 10 faiz artım müşahidə olunur. Bu bahalaşma yumurtanın qiymətlərinə də şamil edilir.  Fermerlər şikayət edirdilər ki, onlar bu il taxıl biçinini vaxtaşırı həyata keçirə bilmirdilər. Beləliklə, 10 gündən artıq vaxt keçdiyi üçün dənin yerə tökülməsi baş verirdi. Bu təbii haldır, çünki vaxtaşırı bitkilər biçilmirsə bu hadisə baş verir. Pambıq yığımında da müşahidə etmişik ki, keçən ilə nisbətən az sayda adamlar cəlb olunur. Burada yığım müddətində gecikmələr baş verir. Vacib problem budur ki, bu il dünyanın heç bir ölkəsində olmayan hadisə baş verdi. Bu hadisə pambıqçıların, pambıq becərilməsinə cəlb olunan fəhlələrin  zəhərlənməsi hadisəsi idi. Sözsüz ki, bəzi işbazlar yeni nazirin naşı olmasından istifadə etdilər. Həmin işbazlar tərəfindən insan orqanizmi üçün zərərli olan zəhərli maddə bu sahəyə tətbiq edildi. Kənd təsərrüfatı sahəsində oturan insanların bir sıra proqnozları özünü doğrultmadı . Baxmayaraq ki, bu il ölkəyə daha tez yetişən pambıq sortları gətirilmişdi, ancaq yığımı hələ də davam etdirirlər. Demək olar ki, əldə olunan məhsuldan əldə etdikləri gəlir yığım xərclərini ödəmir, yəni ziyanla başa gəlir. Kartof istehsalında ciddi problemlər yaranıb. İstehsal olunmuş kartofun bir hissəsi sahələrdə qaldı və orada "kartof güvəsi” adlanan həşəratın vurduğu ziyan  nəticəsində kartofçularımız da ciddi ziyana məruz qaldı. Halbuki kartoflar anbarlara yığılmalı, bir müddət saxlanılmalı, daha sonra bazarlara çıxarılmalı idi. Amma bu il böyük həcmdə kartofların xüsusilə Gəncə-Qazax bölgəsində xarab olmasının şahidi olduq. Yeni nazirin zamanında əvvəlki illərə nisbətən bir çox sahələrdə problem yaranıb. Sözün əsl mənasında müsbət dəyişiklik ortada yoxdur. Həm əkin işləri, həm də becərilmə işləri zamanında aparılmadı. Hətta gələcəkdə bir nəticə əldə etmək üçün bu il hər hansısa bir sahədə əsaslı işlər də görülmədi ki, bundan sonrakı illərdə kənd təsərrüfatı sahəsinin inkişafında dəyişikliklər baş versin. Problemlər olduğu kimi qalır. Bu problemlər kənd təsərrüfatında texnika, su, istehsal vasitələri  çatışmazlığı ilə, torpaqların getdikcə deqradasiyasının sürətlənməsi ilə bağlıdır. Eyni zamanda bazarın müəyyən əllərdə olması və bazara girişin problemli olması, maliyyə-kredit resurslarının kəndlilər üçün əlçatan olmaması ilə bağlıdır. 

"Topdansatış onların əlindədir”

- Hər il ənənəvi olaraq bayramlar öncəsi məhsulların qiymətlərində artımlar müşahidə olunur. Qarşıdan "Yeni il” bayramı gəlir. Bu il hansı məhsullarda qiymət artımları gözlənilir? Əhali bayram günlərində daha çox ziyan görməsin deyə hansı tədbirləri görə bilər?

- Bu bir tendensiyadır. Bu da onunla bağlıdır ki, ölkədə ərzaq qıtlığı var. Həm də bu vəziyyətdə manipulyasiya edən inhisarçılar var. Qiymətlərin qaldırılması prosesini adi adamlar edə bilməz. Məsələn, bayram öncəsi çörəyin qiymətini  o vaxt qaldıra bilərlər ki, onu inhisarçı qaldırsın. Həmçinin yumurta, ət, süd və süd məhsulları kimi sahələrdə inhisarçılar var ki, topdansatış onların əlindədir.Yəni manipulyasiya həmin inhisarçıların əlindədir.  Bayram öncəsi qiymətləri qaldıran şəxslər onlardır. Artıq əhali də bu prosesə uyğunlaşıb. İnsanlar bayram ərəfəsində daha çox bazarlıq edirlər. Amma indidən uzun müddətli saxlanıla bilən məhsulları alıb saxlaya bilərlər. Təəssüf ki, insanların alıcılıq qabiliyyəti də aşağı səviyyədədir. Çalışırlar ki, borc-xərc edib yaxşı bayram keçirə bilsinlər. Əhali normal şəkildə qidalana bilmir. Ətlə bağlı təminatın üçdə bir hissəsi, süd məhsulları ilə bağlı təminatın yarısı ödənilir. Pomidordan başqa elə bir məhsul yoxdur ki, əhalinin tələbatını tam şəkildə ödəsin. Ona görə də inhisarçılar manipulyasiya edə bilirlər. Əgər tələb və təklif eyni qaydada olarsa,həmin inhisarçıların manipulyasiya etməsinə imkan yaranmaz və bayram ərəfəsində də qiymətləri qaldıra bilməzlər. Ona görə də bu il də bayram ərəfəsində məhsulların qiymətində bahalaşma halları olacaq. Xüsusən də süfrəyə çıxarılan məhsullarda-ət, meyvə və tərəvəzlər, süd məhsulları, şərab və digər spirtli içkilərdə artım müşahidə ediləcək. 

"Əhali üçün nəzərdə tutulan kartof həşaratların yeminə çevrildi”

- MDB ölkələrində adambaşına düşən kartof istehsalı göstəricilərinə görə, Azərbaycan digər ölkələrə nisbətən ən az istehsal edən ölkə kimi göstərilir. Adambaşına istehlak norması 124 kiloqram olduğu halda, Azərbaycan əhalisi adambaşına 94 kiloqram kartof istehlak edir. Sizcə, "ikinci çörək” sayılan kartofun bu qədər az istehsal olunmasının səbəbləri nədir?

- Birincisi, bu sahədə problem ondan ibarətdir ki, getdikcə torpaqlarımız münbitliyini itirir, məhsuldarlıq nisbətən aşağı düşür. Daha sonra, hələ ki  kartof idxalı monopoliyadadır. İdxalla məşğul olan inhisarçılar imkan vermir ki, bizim sahibkarlar istehsal etdikləri məhsulu bazara çıxarsınlar. Qeyd etdiyim kimi bu il Gəncə-Qazax bölgəsində əhali üçün istehsal olunan kartofu zərərverici həşaratlar yedi. Bu da istehsal olunan məhsulun anbarlara yığılmasının mümkün olmaması ilə bağlıdır. Anbar xidməti çox bahadır. Anbar dedikdə söhbət  soyuducu kameralardan gedir ki, bu da bizim sahibkarlara sərf etmədi. Demək olar ki, ilboyu ölkəyə kartof idxal olunurdu. İndi idxal rüsumu elə vaxtda artırıldı ki, artıq fermerlərin istehsal etdikləri məhsul çöl şəraitində saxlanıldığı üçün xarab olmuşdu. Məhsulun əmtəəlik keyfiyyəti korlanmışdı. Yəni bir tərəfdən ölkə kəndlilərinin istehsal etmə problemi var, həm hökumət bu sahəyə güzəştli kredit ayırmır, həm də ölkəyə texnikanın gətirilməsinə imkan yaradılmır. İstehsal vasitələri bu sahədə yox səviyyəsindədir. Kartof çıxarmaq üçün  xüsusi qoşqular yoxdur. Həmçinin əkin zamanı da kartofun toxumunu səpən texnika yoxdur. Buna görə də bu iş əllə görülür. Bu iş həm çox ağır, həm də xərc aparan işdir.  Bundan başqa su problemləri də olduğu üçün istehsal səviyyəsi aşağıdır. Azərbaycan bu sahədə Tacikistana daha yaxındır. Azərbaycanla müqayisədə digər MDB ölkələrinin bəziləri  6-7 dəfə, hətta Ermənistan  2,5 dəfə çox kartof istehsal edir. Vaxtilə biz dəfələrlə təklif etmişdik ki, kartofun ölkə daxilində istehsal edilməsinə şərait yaradılsın. Ölkəyə idxal kartofu ilə birlikdə karantin obyekti olan bitki zərərvericiləri, xəstəliklər gəldi. Təəssüf ki, bu xəstəliklərlə mübarizəni ancaq kütləvi şəkildə aparmaq mümkündür. 

"Donmuş əti heç itlərinə belə vermirlər”

- Bu il ət istehsalı adambaşına 33 kiloqram düşür. Sizcə əhali ət məhsullarından yetəri qədər istifadə edə bilirmi?

- Əhalinin bir qisminin, təxminən 10 faizə qədər olan imkanlı şəxslər hətta evlərində saxladıqları ev heyvanlarına il ərzində 150-200 kiloqrama qədər  ət verirlər. Həmin heyvanlara verilən ətlər də təzə ətdir. Yəni donmuş əti heç öz itlərinə belə vermirlər. Həmin şəxslərin özləri də  saxladıqları heyvanla müqayisədə il ərzində  bir az daha artıq ət qəbul edirlər.  Təbii ki, bu göstərici Dövlət Statistika Komitəsində verilmir. Əhalinin əsas hissəsi isə il ərzində heç 10 kiloqram  ət qəbul edə bilmir. Bununla bağlı insanlar arasında sorğu keçirərək xüsusi araşdırmalar aparmışıq. Araşdırmalara əsasən elə adamlar var ki, əti yalnız Qurban bayramında onların evinə gətirilən "Qurban payı" hesabına qəbul edə bilirlər. Digər vaxtlarda isə həmin adamların  ət almağa imkanı yoxdur. Nadir hallarda, məsələn evdə xəstə olarsa quş əti ala bilirlər. Ümumi əhalidə işsizlərin sayı çoxdur və əhalinin alıcılıq qabiliyyətinin aşağı olması da ciddi faktordur. Bu da imkan vermir ki, insan müəyyən edilmiş normaya uyğun qidalana bilsin. Bir insanın ayaqqabısı, geyimi köhnə ola bilər, amma qəbul etdiyi qida təzə və sağlam olmalıdır. Ən azından hər ailədə gələcək əsgər böyüyür, hər ailədə gələcək əsgəri dünyaya gətirə biləcək qız böyüyür, gələcəyin anaları və ataları böyüyür. Əgər bir insanın orqanizmi sağlam deyilsə, o sağlam şəkildə övlad dünyaya gətirə bilməz.

"İlk növbədə siqaret çəkənlərin problemləri azalmalıdır”

- Vergilər naziri deyib ki, təzə ildən idxal siqaretlərin aksiz vergisi artırılacaq. Bu vergilərin artırılmasının ölkənin iqtisadiyyatına müsbət və mənfi təsirləri necə olacaq? Bahalaşma hansı halda siqaretdən imtinaya səbəb ola bilər?

- Azərbaycanda siqaret çəkən insanların sayı ümumi dünya ölkələrinin  göstəricisinə görə, ortalama hesabla yuxarıdır. Hazırda aksiz vergisinin artırılmasının səbəbi o deyil ki, siqaret çəkənlərin sayı azalsın. Sadəcə, büdcəyə daha çox vəsaitin cəlb olunması istəyidir. Amma bu istəyə nail olmaq çətin məsələdir. Ona görə ki, əhalinin gəliri artmır. Əgər gəlir artsa, insanlar da daha çox xərcləyər. Azərbaycanda isə işsizlik yüksək səviyyədədir.  Hansı hesablamaya görə, siqaret çəkən insanlar daha çox vəsait verə biləcək? Bu, baş verməyəcək. Bəs nə olacaq? İnsanlar nisbətən siqaretin sayını azaltmalı olacaqlar. Məsələn, əvvəl il ərzində 200 paket çəkilirdisə, indi bu hesab 150-170 paketə enəcək. Yəni buradan gəlir artmayacaq. Ölkənin vətəndaşları o zaman  siqareti atarlar ki, ölkədə problemlər azalsın. Gənclərimiz siqaret çəkmə səbəbinə ailədə və şəxsi həyatında problemlərinin çox olmasını, işsiz olmalarını  əsas göstərirlər. Əgər hökumət siqaret çəkənlərin sayının azalmasını istəyirsə, normal şəkildə mühit yaratmalıdır ki, insanlar işə cəlb edilsin. İlk növbədə siqaret çəkənlərin problemləri azalmalıdır. Buna nail olmaq elə də çətin deyil. Fabriklər, zavodlar açmaq olar. Məsələn, əgər pambıq istehsal edirsənsə, onun emalı müəsisəsini də açmalısan. Əgər insanlar istehsal etməklə, işləməklə məşğul olarsa siqaret çəkməyə belə zamanı olmaz. Siqaret çəksələr də günə 2 paket deyil, 2-3 ədəd çəkərlər. Vacib məsələ, ölkədə ədalətli cəmiyyət olsun, iş yerləri olsun ki, insanlar işsiz qalmasın və səhiyyəmiz keyfiyyətli şəkildə fəaliyyət göstərsin.

Samirə Əliyeva