17:45, 09 Avqust 2018 (Cümə axşamı) 748

Ekspert: "İqtisadi böhran gözləntiləri var, regionda vəziyyət gərgindir”

Ekspert:
Son günlər Tarif Şurasının qərarı ilə bəzi sahələrdə qiymət artımları baş verib. 

Nəqliyyatda gediş haqqından sonra xaricdən Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasında təsdiq olunan rüsum məbləğlərinə görə yeni qiymət 30 manatdan 150 manata qədər təşkil edir. Bundan başqa gömrük yığımlarında da artım baş verdi. Bəs görəsən bu artımlar vətəndaşların büdcəsinə uyğundurmu? 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov Toplum tv-yə bildirib ki, nəqliyyat sistemindəki qiymət artımı  sərnişindaşımanın müasirləşməsinə, rahatlığına yönəlmiş bir addımdır.  

Onun sözlərinə görə, qiymət artımları vətəndaşın büdcəsinə mənfi təsir göstərməməlidir: "Bu, həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həm də əlaqədar orqanların təhlilləri əsasında qiymət artımından əvvəl apardığı sosioloji tədqiqatlar nəticəsində  və vətəndaşın büdcəsinə mənfi təsir göstərməyəcəyi qənaətinə gəlindiyi üçün Tarif Şurası belə bir qərar verib. Burda ən əsas vətəndaşlar qazanır, onların rahatlığına görə atılan bir addımdır”. 

Deputat həmçinin nəqliyyat sistemində qiymət artımının gələcəkdə vətəndaşlara xeyir gətirəcəyini də qeyd edir: "Sərnişin daşıma ilə özəl sektor məşğul olur, ona görə də çəkilən xərci öz vəsaitləri hesabına ödəyə bilməzlər. Qiymət artırılmasaydı, bu sistem daha da, yararsız bir vəziyyətə düşərdi. Vətəndaşlar bir neçə aydan sonra bunun bəhrəsini görəcək. Nəqliyyat sistemində işləyən Azərbaycan vətəndaşlarının əmək haqqı artırılacaq, avtobuslarda rahatlıq təmin ediləcək. Dövlət heç bir vaxt vətəndaşlarını problemlə baş-başa qoymur. Əgər, bunun mənfi təsiri olacaqsa, əlbəttə dövlət buna qarşılayıcı tədbirlər aparacaq”. 

Aydın Hüseynov deyir  ki, ən başlıca məqsəd Azərbaycan vətəndaşının maraqlarıdır: "Müəyyən müddət sonra, əgər hər hansı sosial təbəqəyə təsiri olacaqsa dövlət buna uyğun tədbirlər həyata keçirəcək. Tələbələr üçün təqaüdün artırılması və ya güzəştlərin edilməsi kimi. Bu kimi tədbirlərin həyata keçirilməsi insanların rahatlığını təmin edir. Dövlət büdcəni əhalinin sosial xərclərinə ayırıb. Yəni sosial təbəqənin əgər on faizinə təsir edəcəksə, yerdə qalan səksən faizi dövlətin büdcəsinə kömək edəcək”.

İqtisadçı-ekspert Zöhrab İsmayıl isə qiymət artımlarının insanların istehlak büdcəsinə birbaşa təsir göstərdiyini vurğulayır. Ekspert bu məsələdə korrupsiya əlamətləri olduğunu deyir: "Burda yalnız büdcəni doldurmaq deyil, həm də korrupsiya mövcud  olduğundan xərclər şişirdilir. Vətəndaşlar xaricdən telefon alıb gətirirlər, çünki ölkədə satılan telefonların qiyməti həddindən artıq bahadı. Burda həm monopoliya var, həm də gömrük rüsumları çox yüksək olduğundan insanlar müxtəlif yollarla ölkəyə mobil telefon gətirmək məcburiyyətində qalır. Insanların şəxsi kanallarla gətirdikləri mobil telefonla büdcəyə vəsait daxil olmur, həmçinin monopoliyanın daxilində olan telefonlar onların  satışına da təsir edir”.

Zöhrab İsmayılın sözlərinə görə, hökumət neft qiymətlərinə etibar etmədiyi üçün qiymıt artımlarına gedir: "Neftin qiymətinin yüksək olduğu halda hökümət niyə rahat deyil? Bu, qarşıda bizə bədbin gözləntilərin olduğu mesajını verir. Yəni hökümət anlayır ki, neft qiymətləri müvəqqəti ola bilər, eyni zamanda bəzi beynəlxalq iqtisadi təşkilatların proqnozları da göstərir ki, yaxın illərdə müəyyən iqtisadi böhran gözləntiləri var, regionda vəziyyət gərgindir”. 

Nərmin Bədəlli
Toplum.Tv