23:37, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 67

Ekspert DSMF-ni tənqid etdi - ŞƏRH

Ekspert DSMF-ni tənqid etdi - ŞƏRH
Bu ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 7 faiz artım qeydə alınıb. 

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yayıb. 

Qurumun hesabatında deyilir: "2017-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 165,49 milyon manat artaraq 2532,59 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,8 faiz artaraq 1501,1 milyon manat təşkil edib. 

Fonda daxilolmaların 65,13 faizi və ya 977,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz və ya 105,46 milyon manat çox olmaqla, proqnozun 105,24 faiz icra edildiyini göstərir. Ümumi daxilolmaların səviyyəsi cari ildə də Fond tərəfindən əmək pensiyalarının müəyyən olunmuş qrafik üzrə vaxtında maliyyələşdirilməsinə imkan verib”.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev vurğulayıb ki, Azərbaycanda əmək pensiyaçılarının sayı 01 oktyabr 2017-ci il tarixinə 1 milyon 330 min nəfər təşkil edib: 
 
 

"Prezidentin müvafiq Sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4 faizlik artım tətbiq olunmaqla bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib. Ümumilikdə cari ildə də pensiyalarda artım dinamikası davam edib və əmək pensiyalarının orta aylıq məbləği 2017-ci il 01 oktyabr tarixinə 204 manata çatıb. O cümlədən ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 226,7 manata çatmaqla əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43,6 faiz olub ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir”. 

Hesabatda qeyd olunur ki, fərdi uçot sistemi ilə əhatə olunanların sayında artım müşahidə edilir: "Cari ilin yanvar-sentyabr aylarında bu sistemdə əlavə olaraq 154 913 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü (136 524 nəfər) ilə müqayisədə 18 389 nəfər və ya 13,47 faiz çoxdur. Beləliklə, 01 oktyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 316 678 nəfər) ilə müqayisədə 211 792 nəfər və ya 6,39 faiz artaraq 3 milyon 528 min 470 nəfərə çatıb”. 
 
İqtisadçı Natiq Cəfərli də Toplum Tv-yə açıqlamasında deyib ki, Sosial Müdafiə Fondunun gəlirlərində artım ola bilər:
 
 

"Bu normaldır, çünki həm işəgötürənlərin, həm də işçilərin fond tərəfində öhdəlikləri var. Son zamanlar bu öhdəliklər ciddi şəkildə yerinə yetirilir. Əmək müqavilələrinin rəsmiləşdirilməsinin artması Sosial Müdafiə Fonduna ödənişlərin artımına səbəb ola bilər. Problem bu deyil. Sosial Müdafiə Fondu artıq bir neçə il bundan qabaq öz-özünü maliyyələşdirməyə keçməli idi. Bu, baş vermir. Hər il dövlət büdcəsindən ən çox dotasiya alan qurumlardan biridir. Problem bundadır ki, özünü maliyyələşdirməyə keçə bilmir. Mənə elə gəlir, əsas problemlərdən biri budur və bu, həll olunmalıdır. Yaxın gələcəkdə bunun baş verəcəyini düşünmürəm. Düşünürəm ki, yaxın illərdə büdcədən ən çox vəsait alan qurumlardan birinə çevriləcək”.
 
Gülzar N. Məmmədli
ToplumTv