13:26, 12 Oktyabr 2017 (Cümə axşamı) 73

Əfqan Muxtarlının xanımı Gürcüstanı tərk edib

Əfqan Muxtarlının xanımı Gürcüstanı tərk edib
Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva qızı ilə birlikdə Gürcüstanı tərk edib.

Bu barədə oktyabrın 12-də Azadlıq Radiosuna L.Mustafayeva özü məlumat verib.

Məlumatı onun vəkili Arçil Çopikaşvili də təsdiqləyib.

Leyla Mustafayeva hazırda 4 yaşlı qızı ilə birlikdə Almaniyanın Berlin şəhərində olduğunu deyir.

O bunun səbəbini Gürcüstanda özünü təhlükəsiz hiss etməməsi və izlənməsi ilə izah edir.

Leyla Mustafayeva bundan əvvəl də dəfələrlə Gürcüstanın hüquq-mühavizə orqanlarını Əfqan Muxtarlının Tbilisidə oğurlanması və Azərbaycana aparlması ilə bağlı effektli istintaq aparmamaqda tənqid edib,həmçinin müəyyən şəxslər tərəfindən izləndiyini və Gürcüstanda özünə də təhlükə olduğunu demişdi.

L.Mustafayeva buna görə oktyabrın 11-də 4 yaşlı qızı Nurayla birlikdə Gürcüstanı tərk edərək Berlinə getdiyini deyir: "Avqustun 2-4-də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Gürcüstana səfərindən sonra izləmələr intensivləşmişdi. Biz bundan əvvəlki izləmələr barədə də prokurorluğa şikayət, habelə həmin adamların foto və videolarını cəkib vermişdik. Hətta kafelərdən birində naməlum adamın mənim oturduğum stolun yayına çanta qoymasının videosunu da prokurorluğa verdik. Çanta demək olar ki, boş olduğundan güman edirdik ki, orda dinləmə qurğusu ola bilər. Prokurorluqdan mənə bildirdilər ki, bəli həmin adam çantanı məqsədli şəkildə yerləşdirib, amma prokurorluq sonrakı gün həmin adamı müdafiə elədi, dedi ki,o ela adam deyil".

L.Mustafayeva deyir ki, Ramil Usubovun səfərindən sonra izlənmələri barədə hələ avqustun 7-də şikayət versələr də bugünədək araşdırmayıblar.

Gürcüstandanda oturum izni alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi.