17:17, 28 Dekabr 2017 (Cümə axşamı) 228

Əfqan Muxtarlının məhkəməsindən: "Şahidin yaddaşı yoxlanılsın" - VİDEO

Dekabrın 28-də Balakən Rayon Məhkəməsində araşdırmaçı jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Toplum.Tv-nin əməkdaşı xəbər verir ki, jurnalistlər məhkəməyə buraxılmayıb. Bu da vəkillərlə hakim arasında mübahisəyə səbəb olub. 

Əfqan Muxtarlı da jurnalistlərin prosesə buraxılmadığına etiraz edib. Hakim Əfqan Muxtarlıya bildirib ki, belə mübahisələr aparmağa vaxtımız yoxdur. 

Əfqan Muxtarlı isə bildirib ki, mənim hələ 7-8 il vaxtım var və istənilən mübahisəyə hazıram. 

Əfqan Muxtarlı deyib ki, ədliyyə işçiləri və polislər məqsədli şəkildə jurnalistlərin məhkəməyə buraxılmasını əngəlləyir. Belə ki, prosesin ictimailəşməsinə mane olmağa çalışırlar. 

Vəkil Nemət Kərimli isə məhkəməyə gələnlərin yoxlanılmasına etiraz edib: "Məhkəməyə girənlərin adları və haradan gəldikləri nəyə görə qeyd olunur? Bu qeydiyyat həmin adamlara daha sonra problem yaratmaq məqsədi güdür".

Hakim bu suala cavab verməyib. 

Məhkəmədə sərhəd xidməti rəisinin müavini ("zampalit”), 1983-cü il təvəllüdlü (Cəlilabad rayonundandır) Murad Qasımov da şahid qismində ifadə verib. 

O bildirib ki, Əfqan Muxtarlının saxlanılmasını 5 km aralıda - xidmət başında olarkən eşidib. 

Rabitə əlaqəsindən sonra eşidib ki, sərhədi qanunsuz keçən kimsə yaxalanıb: "Durub əraziyə gəldim və gördüm ki, masanın üstündə xeyli pul var". 

Şahid qismində danışan zabit bu pulların Əfqan Muxtarlının üstündən götürüldüyünü iddia edib. Amma vəkillərin suallarına cavab zamanı pulların dollar, yoxsa avro olduğunu deyə bilməyib.

"Əfqana su, siqaret gətirdim. Amma ona verdiyim sualların heç birinə cavab vermədi", - şahid qismində dindirilən zabit deyib. 

Bundan sonra vəkil Nemət Kərimli çıxış edib. 

O bildirib ki, şahidin ifadəsində ziddiyyətlər var: "Şahid ifadəsi boyu Əfqan tutulan zaman orada olmadığını bildirdi. O, pulları da  masanın üstündə gördüyünü deyir. Pulun Əfqan Muxtarlının üstündən çıxarılmasını da görməyib. Avronun necə olduğunu da təsvir edə bilmədi. Dedi ki, avroda böyük E hərfi olur. Halbuki avroda E hərfi yoxdur". 

Nemət Kərimli vəsatət verib ki, şahid şübhəli şəxsin saxlanılmasında, onun cibindən pulun çıxarılmasında iştirak etmədiyinə görə dedikləri sübutlar siyahısından çıxarılmalıdır.

Prokuror isə buna etiraz edib və bildirib ki, şahid pulları görüb. 

Hakim vəsatəti təmin etməyib. 

Şahid bildirib ki, Əfqanın saxlanılması zamanı otaqda Mayor Orucov olub. 

O, Əfqan Muxtarlının üzərində zorakılıq əlamətləri olmadığını deyib.

Vəkilin "sizin yanınızda tədqiqat aparılıbmı?" sualına şahid "bəli" cavabını verib. 

N. Kərimli isə bildirib ki, tədqiqat zamanı otaqda kiminsə olması qanun pozuntusudur. Lakin şahidin dedikləri sübutlar siyahısından çıxarılmayıb. 

Vəkil vəsatət qaldırıb ki, şahidin yaddaşı yoxlanılsın: "Həmin bu şahid suallara "bilmirəm", "yadımda deyil" cavablarını verdiyinə görə ekspertiza təşkil olunsun və onun yaddaşı yoxlanılsın". 

Bu vəsatət də təmin olunmayıb. 

Daha sonra Əfqan Muxtarlı çıxış edib. O bildirib ki, Tiflisdən oğurlanıb və sərhəddə cibinə 10 min avro qoyulub: "Məni gətirənlə gözümü açan eyni adam idi. Daha sonra məlum oldu ki, həmin şəxs Azər Şirinovdur".

DSX-nın baş əməliyyat axtarış idarəsinin bölmə rəisləri - Şirinov Azər Əliyusif oğlu və Qulamov Ceyhun Cahangir oğlu 14 dekabr 2017-ci il tarixdə keçirilən məhkəmə iclasında ifadə veriblər. Əfqan Muxtarlı onları ifadə verərkən tanıyıb. Deyib ki, Gürcüstandan gətirilməsində iştirak edənlərdən biri də Azər Şirinov olub. 

Jurnalist bildirib ki, bu faktla bağlı araşdırma aparmaq üçün Baş Prokurorluğa müraciət edilməlidir: "Məhkəmə Baş Prokurorluğa müraciət etməlidir. "Adam oğurluğu" cinayətini törətdiklərinə görə Cinayət Məcəlləsinin 144-cü maddəsinə uyğun olaraq Azər Şirinov və Ceyhun Qulamov barəsində cinayət işi açılmalıdır".

Bu vəsatət də təmin olunmayıb. 

Vəkil Elçin Sadıqov isə bildirib ki, Azər Şirinov və Ceyhun Qulamovla bağlı Baş Prokurorluğa müraciət ediləcək.  

Məhkəmə yanvarın 5-də davam etdiriləcək.

Ofelya Ramilqızı 
Toplum.Tv