15:16, 13 Oktyabr 2017 (Cümə) 43

Əfqan Muxtarlının həbs müddəti uzadılıb

Əfqan Muxtarlının həbs müddəti uzadılıb
Bu, oktyabrın 13-də Bakının Nəsimi Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib. Bu barəədə vəkil Zübeydə Sadıqova bildirib.

Bu gün həm də Nəsimi rayon Məhkəməsi Ə.Muxtarlının həbs müddətinin dekabrın 20-dək uzadılması barədə qərar qəbul edib. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Müdafiə tərəfi jurnalistin həbsdə saxlanmasını əsassız sayır.

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.