16:52, 15 Fevral 2018 (Cümə axşamı) 232

Əfqan Muxtarlı ''Saxarov'' mükafatının qalibi olub

Əfqan Muxtarlı ''Saxarov'' mükafatının qalibi olub
Həbsdə olan jurnalist Əfqan Muxtarlı Andrey Saxarov adına "Jurnalist mərdliyinə görə” mükafatının qalibi olub.

Onun yerinə mükafatı Moskvada bəstəkar Elmir Mirzəyev qəbul edib.
 
 

Bu haqda Meydan TV-ə danışan Elmir Mirzəyev bildirib ki, mükafatı müxtəlif ölkədən olan təzyiqə məruz qalmış azad jurnalistlərə veriblər. Azərbaycandan isə qalib Əfqan Muxtarlı olub. Muxtarlıya "Mərdliyinə görə” Saxarov ordeni təqdim olunub.

Orden 2001-ci ildə hüquq müdafiəçisi və sahibkar Petr Vins tərəfindən Moskvada təsis edilib.

Əfqan Muxtarlı bundan əvvəl Avropa İttifaqının "Pavel Şeremet” jurnalist mükafatı verilmişdi. 

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-u Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.2017-ci il dekabrın 12-də Balakən rayon məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.