21:35, 17 İyul 2018 (Çərşənbə axşamı) 320

“Ədalət naminə həmrəylik” komitəsi prezidentə müraciət etdi

“Ədalət naminə həmrəylik” komitəsi prezidentə müraciət etdi
Mehman Əliyev: "Azərbaycan hamımızın yerləşdiyi bir gəmidir"

İyulun 17-də vətəndaş cəmiyyətinin bir qrup üzvü tərəfindən təsis edilmiş "Ədalət naminə həmrəylik” komitəsinin iclası keçirilib. 

Komitə üzvləri prezident İlham Əliyevə müraciət ediblər.
 
Əvəz Zeynallı, Novella Cəfəroğlu, Mehman Əliyev, Elçin Həsənov və digər fəallar Mingəçevir və Gəncə  hadisələri ilə  bağlı narahatlıqlarını bildiriblər.

 Onlar prezidentə müraciət etmənin vacibliyini qeyd ediblər. 
 
"Xural” qəzetinin baş redaktoru və vətəndaş cəmiyyətinin fəalı Əvəz Zeynallı hesab edir ki, hadisələrlə bağlı lazımi və yetərli məlumat verilməyib: 

”Hadisələr baş verəndən bu günə qədər, təəssüf ki, gözlənilən açıqlama verilmədı. Bu gün sosial şəbəkədə müzakirə olunan odur ki, bu hadisə haqqında vətəndaş cəmiyyətinin üzvlərinin ortaq bir hərəkatı olmadı. Eyni zamanda Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını xalqı və mətbuatı qane edəcək açıqlamaları olmadı. Müəyyən müddətdən sonra hakimiyyətin güllələnmə məsələsini bəhanə edərək çox ciddi bir dalğa başlatdığı hiss olunur, buna repressiya dalğası da demək olar. Sosial şəbəkələrdə yazılanlara görə, onlarla insan təqibə məruza qalır, bir çox qəzet redaktorunu baş prokuroluğa dəvət ediblər. Artıq məlumdur ki, 4 sayt bağlanıb. Eyni zamanda Elmar Vəliyevi güllələyən Yunis Səfərovla başlayan bir işgəncə davasının şahidi olmaqdayıq”.

"Turan” Agentliyinin direktoru Mehman Əliyev isə bildirib ki, baş verən hansısa nasazlıq və məsuliyyətsizlik bizim hamımızın boğulmağımıza səbəb ola bilər: "Mingəçevir və Gəncə hadisələrinə hakimiyyətin reaksiyası, görürük ki, həmişəki kimi anormaldır. Problemi araşdırıb həll etmək yerinə insanlara qarşı güc nümayiş etməklə məşğuldurlar. Sosial şəbəkələrdə 3 iyulla bağlı reaksiya onu göstərdi ki, əksəriyyət Elmar Vəliyevin fəaliyyətini pis qiymətləndirir. Cəmiyyət belə qiymətləndirir. Biz müraciət edəcəyik, hesab edirəm ki, sistemdə ciddi problemlər var. Biz vətəndaş olaraq problemin həlli üçün müraciət etməliyik. Azərbaycan bizim hamımızın yerləşdiyimiz bir gəmidir və bu gəmidə baş verən hansısa nasazlıq və məsuliyyətsizlik bizim hamımızın boğulmağımıza səbəb ola bilər”.
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da öz çıxışında qeyd edib ki, son hadisələrlə bağlı normal və dəqiq məlumat verilmədi: "Mən deyirdim ki, bizim təhlükəsizliyimiz təmin olunur. Mingəçevir hadisəsi mənim üçün ən dəhşətli hadisə idi. Bu günə kimi normal açıqlama görməmişəm. Biz millət olaraq problemin nə olduğunu bilməliyiik. Belə məmurlar varsa, biz gələcəkdə nə edəcəyik? İcra Hakimiyyətləri, siz bilirsiniz ki, narkomaniya bütün regionlarda yayılıb? Gənclər işləmirlər, narkotik satmaqla məşğuldurlar. Mən istəyərdim ki, prezident vətəndaş cəmiyyəti ilə də görüşsün".
 
Vətəndaş cəmiyyətinin fəalı və hüquqşünas Elşən Həsənovu ən çox narahat edən məsələ işgəncədir: "Məni ən çox narahat edən məsələ işgəncədir. Hər yerdə işgəncə faktları geniş yayılıb. Əli Həsənov bu yaxınlarda demişdi ki, ictimai birliyin 90 faizi hökumətə işləyir.  Ombudsman, insan haqları ilə məşğul olan təşkilatlar, hansının isan haqları ilə bağlı açıqlamasını eşitmisiniz? Məndə olan məlumata görə, bunlar xarici təşkilatlardan 100 minlərlə qrant alırlar. Hara gedir bu pullar, bilinmir”.

Müraciət müəllifləri Gəncə icra başçısına sui-qəsdi pisləyir, silah tətbiqini qəbuledilməz hesab edir, enerji sisteminin iflic vəziyyətinə düşməsinə məmurların məsuliyyətsizliyi səbəb olduğunu deyirlər. Onlar ümid edirlər ki, günahkarlar cəzalandırılacaqlar.

"Ədalət Naminə Həmrəylik” Komitəsinin üzvləri və vətəndaş cəmiyyəti üzvləri – Əvəz Zeynallı, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Mehman Əliyev, Novella Cəfəroğlu, Hilal Məmmədov, Mirvari Qəhərəmanlı, Elşən Həsənov, Şəhla İsmayıl, Elçin Məmməd və Aytəkin İmranova müraciəti imzalayıblar.
 
İyulun 2 və 3-də Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyasında” yanğın baş verib, nəticədə ölkənin əksər hissəsi enerjisiz qalıb.
 
İyulun 3-də Gənc Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olub və o, yaralanaraq, xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov saxlanılıb.
 
İyulun 10-da Gəncədə bir qrup şəxs İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Aksiya zamanı iki polis zabiti öldürülüb. Hər iki hadisə ilə əladədar çoxsaylı həbslər baş verib.

Alya Ağayeva
Toplum.Tv