19:06, 18 May 2018 (Cümə) 241

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunub

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunub
Prezident İlham Əliyev qida təhlükəsizliyi sahəsində idarəçiliyin təkmilləşdirilməsi və dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı dəyişikliklər təklifiini parlamentə göndərib.

"Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Mayın 18-də Aqrar siyasət komitəsi dövlət rüsumu, lisenziyalar haqqında qanunlara və Torpaq Məcəlləsinə təklif olunan həmin dəyişiklikləri müzakirə edib.

"Dövlət rüsumu haqqında" qanuna təklif olunan dəyişikliklərə əsasən qida təhlükəsizliyi sertifikatının verilməsinə görə, 20 manat məbləğində rüsum tutulacaq.

Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına görə də rüsumlar müəyyən edilir. İlk dəfə reyestrə daxil edilməyə görə 150, reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə 50, reyestrdən çıxarışın dublikatının verilməsinə görəsə 10 manat rüsum alınması təklif olunur.

Təkliflərdə həmçinin, qida təhlükəsizliyi ilə bağlı daha bir neçə hala görə 5 manatadək dövlət rüsumu alınması nəzərdə tutulur.

Baytarlıq, fitosanitar sertifikatının, baytarlıq preparatlarına, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, habelə idxal karantin icazəsinin verilməsinə görə, hazırda mövcud olan dövlət rüsumlarının məbləğinin isə artırılması təklif edilir.

Torpaq Məcəlləsinə "əkin yerinin yandırılması qadağandır" məzmununda düzəliş təklif olunub.

"Lisenziyalar və icazələr haqqında" qanuna təklif olunan dəyişikliklər texniki məzmunludur.

Aqrar komitə təklifləri bəyənib və Milli Məclisin plenar iclasına göndərib.