20:41, 10 Sentyabr 2018 (Bazar ertəsi) 1010

"Dövlət qurumlarına müraciət edirik, kömək etmirlər" - "Bölgədən səslər"

Qazaxın Qarapapaq və Ağköynək kəndlərini su ilə təmin edən və el arasında "Faxralı arxı” kimi tanınan su arxı sakinlər üçün problemə çevrilib. 

Qarapapaq kənd sakini Arzuman Xasməmmədov illərdir ki, arxın kənd ərazisinə düşən hissəsinin təmizlənməməsindən şikayət etsə də, onun çağırışlarına dövlət qurumları etinasız yanaşıblar. 

Arx Qazaxın kəndlərinin istifadəsində olsa da, ona nəzarəti Ağstafa Rayon Su Melorasiya İdarəsi edir. 

İdarə iki ildir ki, arxın yolunu dəyişib. Kəndlərin problemi də elə bundan sonra başlayıb.

Kəndin həyətyanı sahələrini arx yuyub aparır və bu, çökmə təhlükəsi yaradır. İdarə nümayəndələri isə bunu nəzərə almadan təzyiqli suyun yönünü dəyişdirmək üçün tədbir görmürlər. 

Ağstafa Suvarma Sistemləri İdarəsinin Rəisi Tofiq Bayramov yaranmış problemlə bağlı Toplum.Tv-nin suallara cavab verməkdən imtina edib.  

Qazax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Asim Osmanov problemin tez bir zamanda həll olunacağını bildirib.

Ofelya Ramilqızı
Toplum.Tv