19:51, 23 Yanvar 2018 (Çərşənbə axşamı) 134

Dövlət qulluğuna iddialıların sənəd qəbulu başladı

Dövlət qulluğuna iddialıların sənəd qəbulu başladı
Bu gün, yanvarın 23-də dövlət qulluğunda inzibati icraçı vəzifələrə sənədlərin qəbuluna start verilib.

Bu haqda Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata görə, imtahanda iştirak etmək istəyən iddiaçılar DİM-in portalında «Şəxsi kabinet»lərini yaratmalı, pul hesabı açmalıdırlar. Daha sonra qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən, lakin imtahanda iştirak etməyən namizədlərin ödədikləri məbləğ geri qaytarılmayacaq.

Qeydiyyat zamanı iddiaçıların ali təhsil haqqında məlumatları «Tələbə-məzun» dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanacaq. İddiaçı haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmayacaq.

Xaricdə təhsil almış şəxslər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər birbaşa DİM-ə müraciət etməlidirlər.

Sənədlərin qəbulu fevralın 12-dək davam edəcək. Dövlət qulluğuna test imtahanları isə fevralın 18-də keçiriləcək.

Test imtahanından müvəffəqiyyətlə keçənlərə vəzifələrə uyğun sertifikatlar veriləcək. Həmin sertifikatların müddəti beş ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Ötən ildən Azərbaycanda dövlət qulluğuna və ali məktəblərə qəbul imtahanları ödənişlidir. Qiymətlər 10 manatdan 110 manat arası dəyişir. Ali məktəblərə qəbulla bağlı birinci dəfə imtahan verənlər ödənişdən azaddırlar.