Azərbaycan Milli Məclisinin (MM)dekabrın 18-də keçirilən plenar iclasında yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
"Report”un xəbərinə görə, layihə 9 maddədən ibarətdir və Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.
Qanunun 6-cı (Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, Dövlət Himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.
Vətəndaşlar üçün Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər bunlardır:
1. Ayaq üstə və sona qədər oxumaq (oxumadıqda isə ayaqüstə və sona qədər dinləmək),
2. Himn ifa edilən zaman Azərbaycanın Dövlət Bayrağı qaldırılarsa (asılarsa), Dövlət Bayrağına tərəf baxmaq,
3. "Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda (Mərkəzi Bank istisna olmaqla) xidmət edən hərbi və ya xüsusi rütbəli şəxslərin Dövlət Himni ifa edilən zaman əsgəri salamlaşması qaydaları, o cümlədən Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi ilə bağlı qaydalar həmin orqanların hərbi nizamnamələri və ya müvafiq aktları ilə tənzimlənir.
4.Himn respublika və ya beynəlxalq idman yarışlarında həmin yarışları keçirən idman təşkilatının mövcud təcrübəsi nəzərə alınmaqla ifa edilir.
Qanun layihəsinin 7-ci (Dövlət Himni ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əsasən, Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir.
Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.