12:42, 16 Avqust 2018 (Cümə axşamı) 245

Dövlət Departamenti İlqar Məmmədovla bağlı bəyanat verdi

Dövlət Departamenti İlqar Məmmədovla bağlı bəyanat verdi
Dövlət Departamenti İlqar Məmmədovla bağlı bəyanat verdi.

"Birləşmiş Ştatlar Azərbaycanın Apellyasiya Məhkəməsinin Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədovu azad etmək qərarını alqışlayır”.

"Turan” informasiya agentliyinin məlumatına əsasən, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heather Hauertin "Respublikaçı Alternativ” (ReAl) Partiyasının sədri İlqar Məmmədovun Şəki Apelyasiya Məhkəməsi tərəfindən 2 il sınaq müddəti olmaqla azadlığa buraxılması ilə bağlı bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, onun məhkum olunması və beş ildən çox həbs edilməsi Azərbaycanda qanunun aliliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub.

"Biz hökuməti beynəlxalq öhdəliklərinə və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq ona qarşı bütün ittihamları ləğv etməyə çağrırıq. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün başqa şəxsləri də azad etməyə çağırırıq”.

Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının sədri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Yerli və xarici insan hüquq müdafiəçiləri Azərbaycanda 160 siyasi məhbusun olduğunu iddia etsə də, hakimiyyət bunu rədd edir.