15:37, 22 Noyabr 2017 (Çərşənbə) 26

Dünyada işsizlərin 35 faizi gənclərdir

Dünyada işsizlərin 35 faizi gənclərdir
Bu il dünyada işsizlərin 35 faizindən çoxunu gənclər təşkil edib. Ötən il gənclər arasında qlobal işsizlik səviyyəsi 13 faiz ətrafında sabitləşsə də, bu il bu rəqəmin 13,1 faizə yüksələcəyi gözlənir.

Beynəlxalq Əmək Təşkilatı "Gənclər arasında Qlobal İş Trendləri 2017” adlı hesabatını açıqlayıb.

Bu il dünyada 70,9 milyon gənc işsiz olub. 2009-cu ildəki böhran pikində bu rəqəm 76,7 milyon idi. Yəni ciddi azalma baş verməsinə baxmayaraq, 2018-ci ildə işsiz gənclərin sayının 200 min nəfər artaraq 71,1 milyona çatacağı gözlənir.

Gənclərin işsizlik səviyyəsində ciddi artım 2010-2016-cı illərdə Şimali Afrika, ərəb ölkələri, Latın Amerikası və Karib bölgəsində qeydə alınıb.

Avropa, Şimali Amerika və Saharaaltı Afrikada isə gənclər üçün iş bazarlarında yaxşılaşma baş verib.

Ümumilikdə götürəndə, iqtisadi artımın işəgötürmədəki yüksəlişlə əlaqəsi itməkdədir. Digər tərəfdən, iqtisadi sabitsizlik gənclərin işlə təminatında əldə olunan uğurlara təhlükə yaradır.

Hesabatda gənc qadınların əmək bazarındakı zəif mövqeyi də qabarıq əks olunur. Bu il gənc qadınların əmək qüvvəsindəki iştirakının gənc kişilərinkindən 16,6 faiz az olduğu bildirilir. Elə gənc qadınların işsizlik səviyyəsi də gənc kişilərdən xeyli yüksəkdir.