14:13, 13 Mart 2018 (Çərşənbə axşamı) 201

Dörd nəfər seçki yarışından çıxdı

Dörd nəfər seçki yarışından çıxdı
11 aprel prezident seçkisinə qatılan şəxslərin sənədləri Mərkəzi Seçki Komissiyasına təhvil vermək müddəti martın 12-də başa çatıb.

Prezidentliyə namizəd kimi təsdiq üçün 40 min seçici imzası tələb edilir.

MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli martın 13-də Novator.az-a bildirib ki, namizədliyi təsdiq edilən Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyasının namizədi), Sərdar Cəlaloğlu (Demokrat Partiyasının namizədi) və Tural Abbaslı (müstəqil namizəd, dövlət qeydiyyatı olmayan Ağ Partiyanın başqanı) imza vərəqlərini təhvil verib: "Martın 19-dək həmin şəxslərlə bağlı qərar qəbul ediləcək. MSK-nın növbəti iclasının vaxtı hələ təyin olunmayıb”.

MSK indiyədək 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb: Yeni Azərbaycan Partiyasından dövlət başçısı İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, müstəqil namizəd, deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, "Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev. Onların 40 mindən az olmayan seçici imzası toplaması əsas götürülüb.

Seçki yarışına qatılan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev geri çəkilərək 11 aprel seçkisində Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu dəstəkləmək qərarına gəlib.

Müstəqil iddiaçılar Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov, Ramazan Bəkirov MSK-ya imza vərəqələrini qaytarmayıblar.

Azərbaycanda növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub. Bir çox müxalif qurum, o cümlədən Müsavat Partiyası və AXCP seçkidə iştirak etmir.