10:39, 05 Oktyabr 2018 (Cümə) 266

"Dostlarımı görmək üçün belə elədim..." - Cəbhəçi

Oktyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində AXCP Gənclər Komitəsi Xətai rayon şöbəsinin sədri Fuad Əhmədlinin şikayətinə baxılıb. Hakim Sahibxan Mirzəyevin sədrliyilə keçirilən məhkəmə prosesində F.Əhmədlinin özündən başqa, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı da iştirak edib.

Cəbhəçi fəal onun cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair ərizəsini təmin etməyən Suraxanı Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Məhkəmədə F.Əhmədli şikayətini müdafiə edərək bildirib ki, 2 il 2 aydır həbsdədir, onun 1 il 1 ayını 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb. Onun sözlərinə görə, dörd illik cəzasının yarıdan çoxunu çəkib, məntəqə tipli müəssisəyə köçürülməsi üçün maneə yoxdur.

Cəzaçəkmə müəssisəsinin Emin adlı əməkdaşı çıxışında F.Əhmədlinin şikayətinin təmin olunmamasını istəyib. Bildirib ki, Fuada müsbət xasiyyətnamə verilməyib, o, müəssisədəki kütləvi tədbirlərdə iştirak etmir, ona xəbərdarlıq olunub, tənbeh edilib.

F.Əhmədli özü haqqında deyilənləri qəbul etməyib. Onun sözlərinə görə, Bakı istintaq təcridxanasında saxlandığı dövrdə töhmət verilib: "Qanuna görə, o da altı aydan sonra əhəmiyyətini itirir. Tədbirlərdə iştirak etmədiyim barədə söylənilənlər də doğru deyil. Emin müəllim mənim dəstə rəhbərimdir, onunla da heç bir problemimiz yoxdur. Mənim mübarizəm cəzaçəkmə müəssisəsilə deyil, daha yüksək səviyyədədir. Haqqımda çıxarılan sifarişli qərarlar da mübarizənin ölkə rəhbərliyi səviyyəsində olduğunu sübut edir. Mən bu ərizəmin də təmin olunmayacağını bilirdim. Ərizəni verməkdə məqsədim məhkəmə prosesində dostlarımı görmək idi. Dostlarımı görməkdən ötrü haqqımda deyilən böhtanlara da razıyam. Dostları görməyə dəyər".

Dövlət ittihamçısı Anar Məmmədov şikayətin təmin olunmamasını istəyib. Bildirib ki, cəzaçəkmə müəssisəsinin rəyi əsas götürülməlidir.

Məhkəmə də apelyasiya şikayətini təmin etməyib.

F.Əhmədli 2016-cı il avqustun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, o, operator işlədiyi "Azerfon” şirkətində (NarMobile) bir neçə müştəri haqda məlumatları kənar şəxslərə ötürüb.

İddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdən Fətullah Gülən haqda disklər, kitablar tapılıb. Ancaq məhkəməsində və ittiham aktında bu haqda heç bir fikir bildirilməyib.

F.Əhmədli həm evindən Gülənə aid materialların tapılması, həm müştəri məlumatlarını yayması haqda ittihamları rədd edib. Bildirib ki, o, AXCP üzvü olduğuna, hakimiyyəti tənqid etdiyinə görə sifarişlə həbs olunub.