16:14, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 101

Dosent siyasi baxışlarına görə işdən çıxarıldığını deyir

Dosent siyasi baxışlarına görə işdən çıxarıldığını deyir
Azərbaycan Dövlət İqtisad Universitetinin informasiya və iqtisadi texnologiyalar kafedrasının dosenti, xalq Cəbhəsi Partiyasının üzvü Eldar Hüseynov işdən çıxarılıb.

O bildirib ki, oktyabrın 6-da heç bir xəbərdarlıq edilmədən 28 il çalışdığı universitetdən çıxarılıb. O, işdən çıxarılmasına iki səbəb göstərib. Bunlardan biri kafedra müdiri ilə münaqişə ilə əlaqədardır.

Ötən ilin sonlarında iki ay xəstə həmkarını əvəz edib, ancaq buna görə əməkhaqqı almayıb. O, ödəniş istədikdə əvəz elədiyi müəllimə müraciət etməsini tövsiyə ediblər.

"Sonradan məlum olub ki, kafedra müdiri xəstə pedaqoqdan özü pul alıb", - E.Hüseynov bildirib.

Bundan əlavə, dəfələrlə E.Hüseynovun qarşısında seçim qoyublar: ya AXCP üzvü olmaq, ya işsiz qalmaq.

Sentyabrda kafedra müdiri 3-4 əməkdaşı məcbur edib ki, E.Hüseynovu şərləsinlər.

"Onlar yazdılar ki, mən müəllimləri təhqir edirəm və iş intizam komissiyasına verildi, rektor isə işdən çıxarılmağım barədə əmr verdi", - E.Hüseynov bildirib.

O deyib ki, məhkəməyə müraciət edəcək və Avropa Məhkəməsinə qədər çıxacaq.

Universitetin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Müxalifətin 23 sentyabr mitinqində iştirakdan sonra həkimlər - AXCP üzvü Elmi Usubov və ADP sədrinin müavini Həsrət Rüstəmov işdən çıxarılıb.
Mənbə: Turan