10:55, 10 Aprel 2018 (Çərşənbə axşamı) 45

Donald Tramp:" Bu, ölkəmizə hücumdur"

Donald Tramp:
Aprelin 9-da Federal Təhqiqat Bürosunun (FTB) agentləri ABŞ prezidenti Donald Tramp-ın şəxsi vəkili Maykl Kohen-in ofisində reyd keçirib, müxtəlif mövzuları əhatələyən sənədləri müsadirə edib. Bu, prezidenti qəzəbləndirib.

Ağ evdə jurnalistlərə danışan Tramp FTB-ni vəkilinin ofisinə "basqın”da suçlayıb. O, xüsusi prokuror Robert Myuller-in Rusiyayla onun prezident seçkisi kampaniyası arasındakı əlaqələrlə bağlı təhqiqatını da sərt tənqid edib.

"Biabırçı durumdur. Əməlli-başlı əcinnə ovudur, bunu lap çoxdan deyirəm”, – Tramp söyləyib.

"Bu, sözün həqiqi mənasında ölkəmizə hücumdur. Hamımızın məruz qaldığı hücumdur”, – prezident vurğulayıb.

Tramp-ın sözləri onun Myuller-i işdən çıxarmağa çalışmasıyla bağlı spekulyasiyanı yenidən gündəmə gətirib. Tramp ötən il FTB direktoru Ceyms Komey-i işdən çıxardıqdan sonra Myuller onun apardığı Rusiya təhqiqatını davam etdirməkdən ötrü xüsusi prokuror təyin olunub.

Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin aparıcı demokrat üzvü Adam Sçiff deyib ki, FTB vəkilin ofisini hakimin çıxardığı order əsasında axtarıb.

"Bu, əcinnə ovu deyil. Bu, hüququn aliliyidir”, – o, Twitter-də yazıb.
 
 
azadliq.org