15:37, 16 May 2018 (Çərşənbə) 113

DİN-dən mətbuata çağırış: "Ramil Usubovu tərifləməyin"

DİN-dən mətbuata çağırış:
Daxili İşlər Nazirliyi mətbuatı Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən məqalələrə son verməyə çağırıb.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, KİV-də Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin, xüsusən nazir Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən silsilə məqalələrə rast gəlinir: "Müəlliflərinə təşəkkür etməklə yanaşı, onu da nəzərlərinə çatdırmaq istərdim ki, belə yazılar şəxsən nazir Ramil Usubovun özü tərəfindən heç də rəğbətlə qarşılanmır, əksinə hər dəfə göstəriş verir ki, yazı müəllifinə və ya məqalənin dərc edildiyi KİV-in rəhbərinə onun etirazını çatdırım. Çünki bu xarakterli yazılar son vaxtlar o qədər çoxalıb ki, istər-istəməz oxucuda onların bir mərkəzdən məqsədli şəkildə təşkil olunduğu qənaəti yaradır. 

Hamının təvazökar və eyni zamanda əsaslı tənqidi sevən bir insan kimi tanıdığı Ramil Usubovun belə təriflərə ehtiyacı yoxdur. O, dövlət və xalqı qarşısında öz vəzifə borcunu yerinə yetirir və onun da fəaliyyətinə qiyməti verən cənab Prezidentdir. 

Vətəndaş isə təşəkkürünü və ya iradını KİV-də ictimailəşdirməklə deyil, fərdi qaydada DİN-in ünvanına göndərə bilər. O ki qaldı hörmətli mətbuat nümayəndələrinə, onların da konkret olaraq nazir və ya başqa vəzifəli şəxs barədə deyil, yaxın zamanda öz 100 illik yubileyini qeyd edəcək Azərbaycan polisinin ümumi fəaliyyəti barədə yazmaları daha səmərəli və məqsədəmüvafiq olardı”.