13:30, 23 Noyabr 2017 (Cümə axşamı) 116

Deputatların ezamiyyət xərclərinin artırılması təklif olunub

Deputatların ezamiyyət xərclərinin artırılması təklif olunub
Deputatların ezamiyyət xərclərinin artırılması təklif olunub.

Bu təkliflə parlamentdə Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov çıxış edib.
 


O bildirib ki, parlamentin işləri yalnız planlı şəkildə həyata keçirilmir: "Plansız çoxlu tədbirlər çıxır. Bu, dünyada və regionda baş verən hadisələrlə əlaqəlidir. Hər hansı hadisə baş verdikdə, o zaman ezamiyyətlərin sayı çoxala bilir. Əgər biz 2018-ci ildə 10 ezamiyyət planlaşdırırıqsa, bu rəqəm 20-30 da ola bilər. Bunun üçün əlavə maliyyə ayrılmalıdır. Maliyyə artıq olduğu təqdirdə yenidən büdcəyə qaytarılacaq. Son dövrlər beynəlxalq parlamentlərdə, təşkilatlarda Azərbaycanla bağlı qərəzli qərarlar qəbul olunub. Bunu səfirlik və digər qurumların öhdəsinə verə bilmərik. Bu baxımdan deputatlar həmin yerlərə ezam olunmalıdırlar. Bunun üçün də maliyyə lazımdır”.

S.Novruzov çıxışında parlament dostluq qruplarının fəaliyyəti ilə bağlı da fikirlərini bildirib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dostluq qruplarının gediş-gəlişinin təşkili ilə bağlı maliyyənin ayrılmasına ehtiyac var: "Səfərlər ünsiyyət üçün əsas məqamlardan biridir. İstər İslam Həmrəylik Oyunları, istər Avroviziya, istərsə də Avropa Oyunlarında ölkəmizə gələnlər Azərbaycan haqqında mənfi yazılanlara inanmırlar. Çünki onlar həqiqətləri öz gözləri ilə görüblər. Bu baxımdan dostluq qruplarının üzvlərinin ölkəmizə səfərlərinin təşkili üçün maliyyə ayrılmalıdır".