16:19, 21 Aprel 2018 (Şənbə) 88

Deputatlar AŞPA sessiyasına gedir

Deputatlar AŞPA sessiyasına gedir
Bu il aprelin 23-dən 29-na kimi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının keçiriləcəyi bildirilir.
Milli Məclisin mətbuat xidməti xəbər verir ki, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyanın işinə qatılacaqlar. Onlar aprelin 21-dən 29-dək Strasburqda səfərdə olmalıdırlar.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək. İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət, Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər müzakirə ediləcək. Habelə, Avropada vərəm xəstəliyi, Miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılmalıdır.

Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda da məruzə dinlənməlidir. Eyni zamanda, Azərbaycandakı məcburi köçkünlərin vəziyyətinin də müzakirə ediləcəyi gözlənir.


azadliq.org