14:39, 12 Fevral 2018 (Bazar ertəsi) 199

Deputat prezidentliyə namizədliyini irəli sürüb

Deputat prezidentliyə namizədliyini irəli sürüb
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkisində namizədliyini irəli sürüb.

Meydan Tv-nin xəbərinə görə, məlumatı jurnalistlərə deputat özü verib.

Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub.

1989-1994-cü illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb.

1999-2000-ci illərdə "Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsini daşıyıb.

O, 2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV Milli Məclisə mandat alıb.

2013-cü ildə öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürüb və Ana Vətən Partiyasından istefa verib.

Evlidir, 2 övladı var.

Bu günə qədər prezidentliyə namizəd kimi hazırki dövlət başçısı İlham Əliyevin, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyevin, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin, "AğPartiya”nın sədri Tural Abbaslının namizədliyi irəli sürülüb.

Müxalifətin təmsil olunduğu Milli Şura, Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmək qərarı verib, Müsavat isə seçkilərdə iştirakdan imtina edib.

Prezidentin fevralın 5-ə imzaladığı sərəncamla Azərbaycanda aprelin 11-ə növbədənkənar prezident seçkiləri təyin edilib.

Prezident seçiləcək şəxs ilk dəfə olaraq 7 il müddətinə ölkəyə rəhbərlik edəcək. Buna qədər Azərbaycanda prezidentlik müddəti 5 il idi.