19:39, 16 Aprel 2018 (Bazar ertəsi) 840

Deputat: "MDB-ni Ermənistana təhvil verib gedə bilmərik"

Deputat:
Ukrayna Müstəqil Dövlətlər Birliyindən (MDB) uzaqlaşmağa hazırlaşır. Bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumatda görə, prezident Pyotr Poroşenko hökumətə tapşırıb ki, ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) tam çıxması üçün müvafiq təkliflər hazırlasın.

Gürcüstandan sonra Ukraynanın da bu qurumdan çıxması müzakirələrə səbəb olub. 

Bəs Ukraynanın qurumdan çıxması onun nüfuzuna hər hansı təsir edəcəkmi? 

Azərbaycanın bu qurumla bağlı gələcək planları necə olacaq? 

Politoloq Şahin Cəfərli Toplum.Tv-yə bildirib ki, Ukrayna 1991-ci ildə MDB-nin 3 təsisçi ölkəsindən biri olmasına baxmayaraq, bu qurumun Nizamnaməsini heç vaxt ratifikasiya etməyib:

"Faktiki olaraq, Ukrayna MDB daxilində tamhüquqlu üzv kimi fəaliyyət göstərməyib. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Donbasda separatizmi alovlandırmasından sonra isə MDB Ukraynada tamamilə gözdən düşdü və olan-qalan nüfuzunu da itirdi. Aydın idi ki, Rusiyadan bütün istiqamətlər üzrə qopmağa, uzaqlaşmağa başlayan Ukraynanın MDB-də qalması artıq mümkün deyil. Hər ehtimala qarşı Ukrayna MDB daxilində Rusiyanın siyasətinin qınanması barədə məsələ qaldırdı, lakin gözlənildiyi kimi, bu təklif rədd edildi".
 
Onun sözlərinə görə, bu mərhələdən sonra Ukraynanın MDB-dən çıxması artıq texniki xarakterli məsələdir:
 
"Siyasi qərar 2014-cü ilin fevral inqilabında xalq tərəfindən verilib. Ukraynanın MDB-dən kənarlaşması şübhəsiz ki, bu təşkilata böyük zərbə olacaq. MDB onsuz da amorf bir qurum idi və hər hansı real, effektiv fəaliyyəti yox idi. MDB bu gün bir növ keçmiş sovet respublikalarının siyasi forumu rolunu oynayır. Bununla yanaşı, hesab edirəm ki, MDB-nin Rusiya üçün siyasi əhəmiyyəti böyükdür. Çünki bu təşkilat Rusiyanın postsovet məkanında söz sahibi olduğunu, bu məkanı öz nəzarətində saxladığını nümayiş etdirən mexanizmlərdən biridir. Orada sədrlik rotasiya qaydasında ölkədən ölkəyə keçsə də, hamıya bəllidir ki, MDB-nin daimi lideri Rusiyadır. Yəni Moskva MDB - Avrasiya İttifaqı - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ibarət "troyka” vasitəsilə postsovet məkanda öz nüfuzunu və təsirini qorumağa çalışır”.
 
Politoloq fikrincə, keçmiş SSRİ-nin Rusiyadan sonra ən önəmli respublikası olan Ukraynanın bu qurumların heç birində təmsil olunmaması o mənaya gəlir ki, Moskvanın SSRİ-ni yeni ad, forma və məzmunda bərpa edərək orada öz liderliyini möhkəmləndirmək xəyalları suya düşür:
 
"Çünki Ukraynanın iştirakı olmadan köhnə imperiyanı bərpa etmək mümkün deyil, olsa-olsa bu, yarımçıq, periferik imperiya ola bilər. Ona görə də Ukraynanın MDB-ni tərk etməsi bu qurumun onsuz da məhdud olan nüfuzunu və təsirini daha da azaldacaq. Azərbaycana gədikdə isə biz elə vəziyyətdəyik ki, Ukrayna, Gürcüstan və Moldova kimi Rusiyaya qarşı demarş edə, Rusiyanın maraqlarına qarşı bayraq qaldıra bilmərik". 
 
Onun sözlərinə görə, adı çəkilənlər öz seçimlərini ediblər və bunun bədəlini ödəyiblər, ödəməyə də davam edirlər: "Azərbaycan isə aqressiv şimal ayısını qəzəbləndirməmək üçün həssas və ehtiyatlı davranmağa məcburdur. Rusiyanın Azərbaycan üzərində ciddi təsir imkanları var. Təkcə Ermənistanla aramızdakı münaqişəni xatırlatmaq yetərlidir. Ona görə də MDB-dən çıxmaq məsələsi Azərbaycan üçün aktual deyil, yaxın gələcəkdə də aktual olmayacaq".
 
Deputat Aydın Mirzəzadə isə əlavə edib ki, beynəlxalq təşkilatlara ayrı-ayrı dövlətlər üzv olub çıxa bilər, bu, normaldır: "Vaxtilə 12 dövlətin iştirakı ilə yaranan bu beynəlxalq birlikdən Gürcüstan və Ukrayna çıxdı. Çünki onların maraqları MDB-nin nizamnaməsinə uyğun gəlmir”. 
 
O hesab edir ki, Azərbaycan bu təşkilatda olmalıdır: "Biz MDB-ni Ermənistana təhvil verib gedə bilmərik. Azərbaycanın hər hansı beynəlxalq təşkilatdan çıxması, ilk növbədə, onun dostlarının sayının azalmasına səbəb ola bilər. Azərbaycan MDB-də ciddi söz sahibi olan ölkədir. Ölkələrin ondan çıxması isə təşkilat üçün faciə deyil". 

Ukrayna prezidenti bu tapşırığı aprelin 12-də verib.

P.Poroşenko Kiyev təhlükəsizik forumunda çıxışında bildirib ki, qurum Rusiyann Krımı işğal etməsinə münasibət bildirməyib: "Ukraynanın heç vaxt, elə indi də MDB üzvü olmadığını, eləcə də təşkilatın Rusiya işğalını qınamaqdan imtina etməsini nəzərə alaraq, xahiş edərdim ki, biz hökumətlə birlikdə MDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoymaq üçün mövqe işləyib hazırlayaq. MDB-nin Minskdəki müvafiq institutlarında olan Ukrayna nümayəndəlikləri də tam olaraq bağlanmalıdır".

P. Poroşenko yaxın vaxtlarda Rusiya ilə 1997-ci ildə imzalanmış Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin bəzi müddəalarının birtərəfli qaydada ləğvi barədə Ali Radaya qanun layihəsi təqdim edəcəyini də açıqlayıb.

O deyib ki, müqaviləni tam ləğv etmək olmaz, çünki orada Ukraynanın xeyrinə müddəalar var. 

Söhbət tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi barədə müddəalardan gedir.
 
Məlumatda deyilir ki, Ukrayna MDB-nin Nizamnaməsini heç vaxt ratifikasiya etməyib.
 
Gülzar N. Məmmədli
Toplum Tv