18:44, 13 Fevral 2018 (Çərşənbə axşamı) 654

Deputat: "Dünyanın heç bir ölkəsində kənd təsərrüfatına vergi qoyulmur"

Deputat:
"Azərbaycanda əhalinin 35-36 faizi kənd təsərrüfatı sahəsində çalışır və bu sahədə çalışan insanları da vergi ödəməyə cəlb etmək lazımdır”. 

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə fevralın 13-də çıxışı zamanı bildirib. 

Bəs kənd təsərrüfatı sahəsinə vergi tətbiq olunarsa, bunun hansı nəticələri ola bilər?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov kənd təsərrüfatına vergi tətbiq etməyin müsbət nəticə verməyəcəyini düşünür: "Ümumiyyətlə, aqrar sahəyə verginin tətbiqi məsələsini bir neçə il öncə səsləndirmişdik. Bizim məqsədimiz o idi ki, aqrar sahədə çalışanlar simvolik olaraq 1-2 faizlik vergi ödəsinlər, onların istehsal etdikləri məhsulun statistikası şəffaf olsun. Yəni ölkədə nə qədər mal, məhsul istehsal olunur, nə qədər istehsal vasitələrinin dəqiq uçotunu aparmaq və mövcud olan problemlərin aradan qaldırılması mümkündür və s. İkinci məqsəd isə o idi ki, kənd təsərrüfatında çalışan sahibkarlar sivil qaydada vergi ödəyicisi olsunlar və vergi mədəniyyətini onlara aşılayaq. Məqsəd bu sahədə daha çox vergi əldə edərək dövlət büdcəsinə ötürmək yox, kənd təsərrüfatında çalışanların sivil qaydada fəaliyyətinə nail olmaqdır. Ancaq Ziyad Səmədzadənin məqsədi başqa şeydir. Ölkənin gəlirləri azalır, neft ixracından əldə edilən gəlir əvvəlki kimi deyil və getdikcə azalır. Büdcədə kəsir yarana bilər. Ona görə də onlar istəyirlər ki, kənd təsərrüfatından vergi yığmaqla büdcə vəsaitini əvvəlki qaydada saxlaya bilsinlər. Ancaq bu gün kəndlilərdən vergini yığmaqla onları pis vəziyyətə salmaq olar". 

"Kənd təsərrüfatı məhsulu əksər hallarda ziyanla başa gəlir, rentabellik çox aşağı səviyyədədir. Havadan asılı olaraq şərait yaxşı olanda nisbətən məhsul istehsalı artır, gəlirlər olur, növbəti ildə isə zərər edirlər. Bizim apardığımız araşdırmalar bunu deməyə əsas verir. Əksinə təklif edirdik ki, 1-2 faizlik vergi tətbiq etməklə həmin vəsaitləri subsidiya formasında kəndlilərə qaytarsınlar. Əlbəttə, hökumət nümayəndələrinin məqsədi kənd təsərrüfatında çalışanları da vergiyə cəlb etməkdir. Onsuz da kənd təsərrüfatının əsasını öz əllərində olan fermalar təşkil edir. Oliqarxlar istehsal etdiyi məhsulların həcmini gizlədirlər, bu, gizli iqtisadiyyata aiddir. Düşünmürəm ki, bu sahəyə vergi tətbiq etməklə ciddi gəlir əldə edə biləcəklər”, - ekspert bildirib. 

Deputat Eldar İbrahimov kənd təsərrüfatının insanların ərzaq təhlükəsizliyini təmin etdiyini vurğulayıb:

"Dünyanın elə bir ölkəsi yoxdur ki, orada kənd təsərrüfatına vergi qoyulsun. Aqrar təsərrüfata hər yerdə güzəşt olunur ki, kənd təsərrüfatı inkişaf etsin. Amerika kimi ölkədə belə kənd təsərrüfatına subsidiya ayrılır. Çünki kənd təsərrüfatı insanların ərzaq təhlükəsizliyidir”.

Ofelya Ramilqızı
Toplum.Tv