20:06, 07 Noyabr 2016 (Bazar ertəsi) 67

Deputat Cavanşir Paşazadə: “Azərbaycandakı vəziyyətə şükür etmək lazımdır”

Deputat Cavanşir Paşazadə: “Azərbaycandakı vəziyyətə şükür etmək lazımdır”



Deputat: Şeyx həzrətlərinin qardaşı olmaq nə qədər fərəhli də olsa, bir o qədər çətindir
"Lənkəran çayının içində evlər tikiblər, sel gələndə deyirlər ki, bizə kömək edin”
 Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadənin "Report”a müsahibəsi:
- Azərbaycanda dinlə bağlı qanunvericliyə dəyişikliklər edilib, qanunlar sərtləşdirilib. Sizcə, bu dəyişikliklər insanların dinə meyilinin qarşısını ala bilərmi?
- Azərbaycan qanunvericliyində dinlə bağlı edilən dəyişiklik təkcə İslam dini ilə bağlı deyil. Amma əfsuslar olsun ki, dünyadakı mənfi proseslər İslam dininin üzərində qurulur. İŞİD və digər terror qruplaşmalarının fəaliyyəti bizi də sərt addımlar atmağa məcbur edir. Bəziləri qanunların sərtliyini şişirdirlər. Əslində elə deyil. Atılan bütün addımlar Azərbaycan xalqının təhlükəsizliyini təmin etmək üçündür.
- Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlər aparması qadağan olunub...
- Xaricdə dini təhsil alanlarla bağlı fikir ayrılığı var. Tutaq ki, hansısa insan xaricdə yaşayır, orada dini təhsil alıb, biliyini artırıb. Həmin şəxs Azərbaycana gəldikdə fəaliyyəti yoxlanılmalıdır, sonra fəaliyyətinə icazə verilməlidir. Əsl İslamla məşğul olanın qəlbində pis niyyət ola bilməz.
- Yəni, demək istəyirsiniz ki, indi də xaricdə oxuyub gələnləri yoxlamaq lazımdır, sonra fəaliyyətə başlamasına razılıq verilməlidir?
- Bəli, bu cür etmək lazımdır.
- Amma qanun bundan sonra xaricdə oxuyub gələnlərin fəaliyyətini qadağan edir...
- Mən öz şəxsi fikrimi dedim, amma qanun belə qəbul olunubsa, gərək əməl edək.
- Azərbaycanda son zamanlar dini cərəyanların aktivləşməsini hiss edirsinizmi?
- Dini cərəyanların aktivləşməsini hiss etmirəm. Dövlət Təhlükəsizliyi Xidməti vəziyyətə tam nəzarət edir. Azərbaycan dinlərarası dialoq mühiti olan ölkədir. Dövlət heç bir dini cərəyana fərq qoymur. Bu sahədə problem yoxdur.
- Üçüncü dəfədir Milli Məclisə deputat seçilirsiniz. Bu müddət ərzində ölkədə keyfiyyət dəyişikliyi olubmu?
- Fərqlilik çoxdur. İndi hər bir sahədə inkişaf var. İlk dəfə deputat seçiləndə seçicilərimlə görüşlər keçirirdim, deyirdilər ki, 2 saat işıq verin, ayrı istəyimiz yoxdur. Baxın, indi Azərbaycanın ən ucqar bölgəsinə belə, 24 saat fasiləsiz işıq verilir. Qaz xətləri yenilənib. Yəni, bu fərqi görməmək olmaz.
- Siz Milli Məclisə deputat seçilməzdən öncə, müxtəlif sahələrdə çalışmısınız...
- Azərbaycanda Meliorasiya və Su Təsərrüfatı Komitəsində çalışmışam. Meliorasiyanın sistemlərinin çəkilməsi və onun istismarı işinə nəzarət etmişəm. Demək olar ki, o vaxt - Sovet dövründə ən güclü meliorasiya sistemləri Azərbaycanda idi. Ona görə ki, Heydər Əliyev bu işə xüsusi diqqət yetirirdi. O, öz nüfuzundan istifadə edib, bu istiqamətdə təcrübə sahələrini Azərbaycanın rayonlarında keçirirdi. O vaxtlar Azərbaycan 1 milyon tondan yuxarı pambıq istehsal edirdi, cənub bölgəsində pomidor, xiyar və digər kənd təsərrüfatı məhsulları yetişdirilirdi. O vaxtlar istər üzümçülük, istər tütünçülük, ümumiyyətlə, kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı işlər aparılırdı. Sonra mədəni otlaq sahələri də yaradıldı, yəni bu, kəndlinin torpaqdan səmərəli istifadə etməsi üçün idi. Çay Fabrikinin direktoru olmuşam. Bilirsiniz ki, cənab Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm tapşırıqlar verib və bu sahəyə böyük investisiyalar qoyulub. Cənub bölgəsi əzəldən çayçılıq üçün səmərəli yer olub. Hələ 1925-1930-cu illərdən Azərbaycanın cənub bölgəsində çay əkilib. Elə vaxt olub ki, Lənkəranda 28 min ton çay becərilib. Bu da hər yaş 4 kiloqram çaya 1 kiloqram quru çay deməkdir. Azərbaycan SSRİ-nin tərkibində olan digər respublikalara çay ixrac edirdi. Müstəqilliyin ilk illərində dövlətə müvəqqəti rəhbərlik edən səriştəsiz insanlar o bitkini məhv etdilər. Həmin vaxt baş nazir olan şəxsin qəbulunda oldum, adını çəkməyəcəm...
- Pənah Hüseyni nəzərdə tutursuz?
- Ad çəkməyəcəm. Baş nazirə dedim, bu, elə bir bitkidir ki, 100 illiyə əkilir. Yəni, əkildikdən ən azı 10 il sonra nəticə verir. Bildirdim ki, heç bir biznesmen belə uzunmüddətli təsərrüfata vəsait yatırmayacaq. Gəlin, siz bu məhsulu qoruyun. Dedi, yox, biz ondan da səmərəli məhsullar becərəcəyik. Mən sual verdim, hansı məhsulları nəzərdə tuturlar. Dedi, sarımsaq. Yəni, sarımsağı bunlar çayla bir tutdular. Bir il Lənkəran zonasında sarımsaq əkildi, heç onun bəhrəsini görə də bilmədilər. Çay təsərrüfatını məhvə gətirib çıxardılar. Sonra kəndliyə pay torpaqları verildi. O zaman da hərə bir təsərrüfat sahəsi ilə məşğul oldu - biri buğda əkdi, biri toyuq-cücə, mal-qara saxladı. İndiyə qədər də həmin torpaqlar səmərəli istifadə olunmur. Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bu ilin sentyabrın 26-da referendum keçirildi. Səsvermə ilə Konstitusiyanın 29-cu maddəsinə də dəyişiklik edildi. Yəni, torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İndi görək, bu torpaqlardan gələcəkdə hansı formada istifadə ediləcək. Hesab edirəm ki, torpaqlar birləşdirilərək, böyük təsərrüfat yaradılmalıdı. Torpaqdan səmərəli istifadə edilməlidir. Torpaq kiminsə mülkiyyətində ola bilər, mülkün toxunulmazlığından yararlanıb, hektarlarla torpağı zəbt edib, təyinatı üzrə istifadə etməmək doğru deyil. Bu, digərlərin ac qalmasına səbəb olur. Elə insanların bölgələrdən şəhərə axını da kənd təsərrüfatının işlək vəziyyətə gətirilməməsinə görədir. Mən əminəm ki, kənd təsərrüfatı əvvəlki vəziyyətinə qayıdacaq. Xarici ölkələr Azərbaycandakı kənd təsərrüfatı məhsullarına maraq göstərirlər. Çünki Azərbaycan məhsulları təmiz olur. Hesab edirəm ki, kənd təsərrüfatı ilə bağlı yeniliklər etməyə ehtiyac var. Məsələn, çayın becərilməsində 1930-cu illərdə əkilən ştillərdən deyil, daha yeni, məhsuldar ştillər əkilsin. Azərbaycanın qonşu dövlətlərində yeni ştillər əkirlər. Orada əkilən çayın bir yarpağı bizdə əkilən çayın 4 yarpağına bərabərdir. Yəni, məhsuldarlıq 4 dəfə artıq ola bilər.
- Pambığa göstərilən diqqət çayçılığa göstərilsə, fərqli effekt verməzmi, necə düşünürsünüz?
- Pambığın öz yeri var, çayçılığın öz yeri.
- Pambığı da gəlirli sahə hesab edirsiz?
- Bəli, o da gəlirli sahədir. Çayçılıq da elədir. Çayçılıq bir qədər vaxt aparan təsərrüfatdır, ona görə bunu gözləmək lazımdır. Amma ondan sonrakı proses çox rahatdır. Cənub bölgəsində belə bir hava var ki, suvarsan da, suvarmasan da ağaclar yarpaqlayanda, o da yarpaqlayır. Pambıq hər il, çay isə bir dəfə əkilir. Pambıq sahəsində də istəyərəm ki, yeni toxumlardan istifadə olunsun. Çünki bizdə əkilən pambıq qozaları çox balacadır, Türkmənistanda gördüyüm sahələrdə qozalar daha böyük idi, onlar daha da məhsuldardır.
- Siz həm də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüsünüz. Bu təkliflərlərinizi komitə iclaslarında qaldırmısınızmı?
- Mütəmadi olaraq komitə iclaslarında bu məsələləri qaldırmışam. Kənd Təsərrüfatı Nazirliyi deyir ki, ştillər dəyişdirilib, yenidir. Amma mən hələ ki, çayçılıqla bağlı əkilən ştillərin köhnə toxumlardan olduğunu görürəm. Meliorasiya ilə bağlı bir neçə çıxışım olub. Torpaqların yararsız hala salınması, suvarma kanallarının sıradan çıxması ilə çıxışlar etmişəm. Bu istiqamətdə diqqət artırılmalıdır. Dövlət bununla bağlı kifayət qədər vəsait ayırıb, yenidən vəsaitin ayrılması bir qədər çətindir.
- Bir neçə gün əvvəl, Cəlilabadda bəndin dağılması nəticəsində bir neçə kəndə təhlükə yarandı. Bunun səbəbi nə idi?
- Səbəbi o idi ki, yuxarıda - Yardımlı zonasında su hövzəsi var. O su hövzəsi zədələnib. Bunun da nəticəsində həmin su problemə səbəb olub. Bilirsiz ki, Cənub bölgəsi çökəklikdədir. Buna yağışların yağması da təsir edib. Təbii ki, bu da müvəqqəti çətinlik oldu və aradan qaldırıldı.
- Deputatı olduğunuz 75 saylı Lənkəran-Masallı seçki dairəsində belə problem olubmu?
- Xeyr, deputat olduğum seçki dairəsində olmayıb.
- Ümumiyyətlə, Azərbaycanda yağışdan sonra bir sıra küçələrin, evlərin su altında qalmasının səbəbi nədir?
- Bu, təbii prosesdir. Amma bir məsələ var, suyun çəkilməsi üçün kanalizasiya boruları olmalıdır. Məsələn, Cəlilabadda baş verənlərə diqqət edin, pay torpaqları bölüşdürülərkən heç kəs istəmədi ki, onun torpağının bir hissəsindən kanal çəkilsin. Hər ağacın dibində ev tikiblər, fikirləşirlər ki, qış gələndə yağış yağsa da, sel olmaz. Yağış yağanda isə çətinliklə qarşılaşırlar. Çünki əlavə vəsait xərcləmək istəmirlər. Torpaqlar fərdidirsə, onlar suyun axmasını da nəzərə almalıdırlar. Atalar deyib ki, çaya bir dəfə su gəlibsə, yenə də gələcək. Bəziləri çayın içində ev tikir, sonra da deyir ki, evimi su basdı. Sən çayın içində ev niyə tikirsən ki...
- Sizin seçicilərinizdən belə edəni olubmu?
- Bəli. Lənkəran çayının içində evlər tikiblər, çay gələndə deyirlər ki, bizə kömək edin, sən bu evi selin aparması üçün tikmisən. Sel üçün tikilən evi sel aparmalıdır. Evi tikəndə fikirləşmək lazımdır.
- Bəs Bakının rayonlarında, xüsusilə də Binəqədidə baş verənlərlə bağlı nə deyə bilərsiz?
- 15-20 il öncə belə hadisələr baş verməzdi. Maşallah, imkanları var, daş hasarlar çəkiblər, evlər tikiblər. Amma həyətinə girəndə görürsən ki, xəndəyi yoxdur ki, su getsin. Kəndlərdə yayda kanalın içindən çəpər çəkirlər. Qışda deyir ki, çəpərim su altında qalıb. Binəqədidə də belədir. Hansı formadasa o torpağı alıblar. Evi tikəndə qazını, suyunu, kanalizasiyanı fikirləşmir, daşı töküb, ev tikir.
- Axı o evi tikmək üçün dövlət qurumlarından razılıq alıblar, yəni, icazəsiz mümkün deyil axı...
- Əlbəttə, razıyam, məsələnin o tərəfi də var. Bakının bəzi yerləri var ki, əzəldən kanalizasiyası olub, indi də orada problem olmur. Bakıdan Sumqayıta gedəndə yolun kənarında xeyli ev var. Tikilərin arasında məsafə belə, yoxdur. Həmin evlərə yanğınsöndürən maşınlar girə bilmir, çünki yol ensizdir, bu da təhlükəlidir. İnsanlar ev tikməzdən öncə düşünməlidirlər. Mən demirəm ki, aidiyyatı dövlət qurumlarında günah yoxdur, təbii ki, var, amma özümüzdə də az deyil. Evi tikilməsinə razılıq verən bələdiyyədə, icra hakimiyyətində 3-5 il işləyib gedəcək, amma vətəndaş başa düşməlidir ki, orada yaşayacaq, hər şeyi nəzərə almalıdır.
- Cavanşir müəllim, şeyx həzrətləri Allahşükür Paşazadənin qardaşı olmaq necə hissdir?
- Şeyx həzrətlərinin qardaşı olmaq nə qədər fərəhli də olsa, bir o qədər çətindir. Siz mənlə sual-cavab edirsiz, hər cümləmə diqqət edirəm, çünki artıq bir söz olsa, müzakirələrə səbəb olacaq. Ümumiyyətlə, davranışlarımda belə, çox ehtiyatlıyam. Məsələn, toyda kimsə mənlə şəkil çəkdirir, sonra həmin şəkli görəndə deyirlər ki, niyə o stolda spirtli içki var? O zaman mən nə etməliyəm? Ona görə də belə şeylərə çox fikir verirəm. Bir stolda içki içənlər varsa, dərhal mənim orada olmağıma diqqət edirlər. Bu baxımdan çətindir. Şeyxin qardaşı olmağımla qürur duyuram.
- Şeyx həzrətləri ilə məsləhətləşirsiz?
- Şeyxlə hər zaman məsləhətləşirəm. Bu, ailə tərbiyəsidir. Amma heç vaxt bir-birimizin işinə qarışmamışıq. Şeyx həmişə mənə dəstək olub, məni çox istəyir. O böyük qardaşımdır, həmişə nəzəri üstümdə olub, indi də belədir. Biz gündə bir-birimizə ən azı iki dəfə zəng edirik. Oğlum həftədə bir dəfə zəng edir, amma qardaşımla gündə iki dəfə danışırıq. Hansısa addımı atanda mütləq şeyxlə məsləhətləşirəm. Mənim haqqımda ona, onun haqqında mənə mənfi nəsə deyə bilməzlər. Bu, müzakirə mövzusu deyil. Şeyxin dedikləri bizim üçün qanundur.
- Ailənizdə şeyx həzrətlərinin yolu ilə gedən, ömrünü dinə həsr edən varmı?
- Ailədə hamı Qurani-Kərim oxuya bilir. Şeyxin öz ailəsi dindardır. Amma onun yolu ilə gedən yoxdur.
- Özünüz ibadət edirsiz?
- Oruc tuturam. Amma ibadətlə məşğul olmuram.
- Bəzən mətbuatda şeyxin, həmçinin sizin biznesinizdən yazırlar. Bu barədə nə deyə bilərsiz?
- Heç vaxt bir şəxsiyyəti hər kəs istəyə bilməz. Həyatın öz qanunları var. Bəzən bir sahəni bilməyən adam həmin sahə haqqında fikir bildirir. Bu, özünü gözə soxmaqdan başqa bir şey deyil. Şeyxi tanıyanlar bilir ki, necə cəsarətli insandır. O, 1990-cı ilin əvvəllərində cəsarətini nümayiş etdirib, sözünü deyib. Belə bir adam haqqında yazırlar ki, qızıl mağazaları var, soğan biznesinə baxır və.s. Deyirlər də. Nə edək, biz də onun səviyyəsinə enək, reaksiya verək? O cür yazılara fikir vermirik. Nə istəyirlərsə, yazsınlar, çünki yazılanların heç biri həqiqətəuyğun deyil. Baxın, Azərbaycanda əhali yaşayış səviyyəsi normaldır. Demək olar, problemlər həll olunub. İndi seçicilərlə görüşdə söz xətrinə söz danışırlar. Düzdür, işsizliklə bağlı müəyyən problemlər var. Əslində kəndlərdə işsizlik problemi olmamalıdır. Çünki icra strukturları kənd təsərrüfatı məhsullarının bazara çıxışına şərait yaratsa, belə problemlər olmaz. Ulu öndər Heydər Əliyev deyərdi ki, Azərbaycanda hər bir kəndlinin vəzifəsi var, ona görə ki, kəndliyə pay torpağı ayrılır. Əgər kəndli pay torpağından düzgün istifadə edə bilsə, ona şərait yaradılsa, işsizlik olmaz. Amma bəzən mətbuat orqanları hansısa çatışmazlıqdan yazırlar. İstəyirlər, hər şey yaxşı olsun, amma belə də ola bilməz axı. Dünya yaranandan insanlar imkanlı və imkansız olub, yəni, həmişə cəmiyyətdə fərqliliklər olur. Bu fərqliliyə qısqanclıqla yanaşmaq olmaz. Düzdür, sovet dövründə başqa cür idi. İnanın, Azərbaycanda olan vəziyyət, əhalinin yaşayış səviyyəsi dünyanın az ölkəsində mövcuddur. Ölkə inkişaf yolu keçir. İndi insanlar gecə saatlarında sərbəst şəkildə hərəkət edə bilərlər, ölkə tam təhlükəsizdir. Görülən işlərə kölgə salmaq olmaz axı. Bir müddət öncə, Afrika ölkələrinin birində oldum, inanın, dəhşətə gəldim. Azərbaycandakı vəziyyətə şükür etmək lazımdır.
- Növbəti dəfə deputatlığa namizədliyinizi irəli sürmək istəyiniz varmı?
- Bu barədə qərarı mən yox, Yeni Azərbaycan Partiyası verir. Ona görə də üzvü olduğum partiya lazım bilsə, növbəti dəfə də namizədliyimi irəli sürəcəm.
- Bəs hansısa vəzifədə təmsil olunmaq necə?
- Vəzifədə təmsil olunmaq arzu ilə olsa, o qədər adam var ki, vəzifədə təmsil olunmaq istəyir. Amma bu, istəklə deyil ki?! Kim harada daha çox fayda verə bilərsə, orada da olur.
- Cavanşir müəllim, övladlarınız nə ilə məşğuldur?
- Böyük oğlum yol polisində çalışır. Kiçik oğlum Türkiyədə fəaliyyət göstərir Qızım isə biologiya fakultəsini bitirib, hazırda müəllimədir.
- Kitab oxuyursuz?
- Vaxtım olanda, maraq dairəmdə olan kitabları oxuyuram.
- Məsələn, dostunuz Hüseybala Mirələmovun əsərlərini oxumusuz?
- Hüseynbala Mirələmov əvəzedilməz insandır. Onun bütün əsərlərini oxumuşam. O, Heydər Əliyev, Prezident İlham Əliyev, Mehriban Əliyeva haqqında kitablar yazıb. Biz üç dövrü görmüşük: Sovet dövrü, müstəqillik dövrünün ilk illəri, hazırki dövr. Bu müddət ərzində çox simalar görmüşük. Elə adamlar var ki, 1990-cı illərin əvvələrində başqa cür idi, indi başqa. Buna bir neçə siması olan adam deyərlər. Bəziləri ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında indi odlu-alovlu çıxışlar edir. Amma Hüseynbala Mirələmov heç vaxt qorxmayıb, daim dövlətçiliyin yanında olub. Hüseynbala Mirələmov aza qane olan adamdır. Hərdən mənlə zarafat edir. Deyir ki, kaş nazir müavini olan, zavodda işləyəndə mənə bəzi şeyləri deyəydin. Mən də deyirəm ki, nə qədər desəydim də, sən elə Hüseynbala olaraq qalacaqdın. O istəyir ki, ehtiyacı olan bütün insanlara köməklik etsin. Onun tamaşaya qoyulan əsərlərinə də baxmışam.
- Neçə maşınınız var?
- Bir maşınım var.
- Deyirlər, Cavanşir Paşazadənin 4-5 maşını var...
- Desinlər də...Təki elə olsun
- Özünüz idarə edirsiz?
- Bəzən özüm idarə edirəm, amma əksər hallarda sürücüdən istifadə edirəm.