17:08, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 23

Deputat bəzi səfirliklərin ixtisarını təklif edir

Deputat bəzi səfirliklərin ixtisarını təklif edir
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisara salınması təklifini verib.

APA-nın xəbərinə görə, S.Novruzov Milli Məclisin noyabrın 21-də keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı deyib ki, aidiyyəti qurumlar bəzən Azərbaycanın lazım olmayan yerlərdə səfirliklərinin fəaliyyətinə şərait yaradırlar. Bəzən də lazım olan yerdə səfirlik olmur.

O vurğulayıb ki, Şərqi Avropa, Baltikyanı ölkələrin hər birində səfirlik olduğu halda Avstraliyada yoxdur:

«Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə, buna nəzarət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyət bərpa olunsun».