17:00, 15 May 2018 (Çərşənbə axşamı) 96

Dəmiryol xətti kənarında hərbi sursat tapılıb

Dəmiryol xətti kənarında hərbi sursat tapılıb
Xızıda dəmiryol xətti kənarında hərbi sursat tapılıb.

ANAMA-dan APA-ya bildirilib ki, mayın 15-də Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində partlamamış hərbi sursatların  tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəmiryol xəttinin kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan atılmış 54 ədəd yanmış döyüş başlığı (53 ədəd VM-30 və 1 ədəd V-30) aşkar olunub və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş döyüş başlıqlarının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.