12:09, 01 Fevral 2018 (Cümə axşamı) 143

''Dəllallar və yalançılar acı nəticələrlə üzləşəcəklər'' - Nazir

''Dəllallar və yalançılar acı nəticələrlə üzləşəcəklər'' - Nazir
"Turizm fəaliyyəti üzrə lisenziyalar ləğv olunan sonra bəzi dəllallar ortaya çıxıb. Onlar insanları aldadırlar. Guya xidmət göstərirlər. Yalandan qiymətlər verir, nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir".

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. 

Nazir qeyd edib ki, bütün bunların nəticəsində Azərbaycan turizmi itirir:

"Birləşib normal bir proqram üzərində öz potansialımızı ortaya qoya və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllallar və yalançılar acı nəticələrlə üzləşəcəklər".

Ə.Qarayev hazırda "Turizm haqqında" yeni qanun üzərində iş aparıldığını da söyləyib:

"Qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Heç kimə güzəştə gedilməyəcək. Beşulduzlu otel əvəzinə ikiulduzlu otelin xidmətini göstərənlər barədə ölçülər götürüləcək. Əgər turist şirkətləri dəllallıqla məşğuldurlarsa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirsizliklə gözləyirəm".

Nazir yeni turizm zonalarından da danışıb. Onların Xızı-Nabran, Quba və Qusarda yerləşdiyini söyləyib:

"Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq, 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir. Turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır".

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2017-ci ildə ölkəyə turist axını 2016-cı illə müqayisədə 19,9 faiz artaraq, 2 mln. 696,7 min nəfər olub: 

"Rusiyadan gələn turistlərin xüsusi çəkisi 31,7, Gürcüstandan gələnlər 20, İrandan gələnlər 13,5, Türkiyədən gələnlər 11,2, BƏƏ-dən gələnlər 3,8 faiz təşkil edib. MDB ölkələrindən Azərbaycana turist axını 14,3 faiz artaraq, 1 mln. 6,5 min nəfər, Aİ ölkələrindən gələn turistlərin sayı 17,4 faiz artaraq 105,4 min nəfər olub”.

Xaricə istirahətə, müalicəyə, ezamiyyətə gedən azərbaycanlıların sayı azalıb

Statistikaya əsasən, 2017-ci ildə xaricə istirahətə, müalicəyə və ya iş ezamiyyətinə gedən azərbaycanlıların sayı 4 faiz azalaraq, 4 mln. 108,9 min nəfər təşkil edib:

"Azərbaycan səyyahlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İrana, qalan hissəsi Rusiya, Türkiyə, Ukrayna, Avropa və Asiyaya gedib”.