14:17, 08 İyun 2018 (Cümə) 34

Daha bir REAL üzvünə 10 sutka cəza verildi

Daha bir REAL üzvünə 10 sutka cəza verildi
Bu gün, iyunun 8-də REAL Partiyasının fəallarından Anar Məmmədova Yasamal Rayon Məhkəməsində 10 sutka cəza verildiyi bildirilir. Bu haqda partiyanın Ali Məclisinin üzvü Füzuli Dehqani məlumat verib. Onun deməsinə görə, A.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisin qanuni tələbinə əməl etməməkdən gedir:

«Anar Məmmədov iyunun 7-də axşam saatlarında evində saxlanıb. Axşam saatlarında iki nəfər mülki şəxs onların evlərinə gəlib. Deyiblər ki, Anarın maşınını vurublar. Anar elə ev paltarında aşağı düşüb onu aparıblar. Son bir gündə onun yerini öyrənməyə çalışdıq. Bu saatlarda öyrəndik ki, Yasamal Rayon Məhkəməsinin önünə çıxarılıb. Ancaq bizi məhkəməyə buraxmadılar, dedilər ki, qapalıdır. Sonra isə onun 10 sutka həbs aldığını öyrəndik».

Bu açıqlamaya Yasamal Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bundan başqa, son iki həftədə REAL Partiyasının daha dörd fəalına eyni ittihamla 30 sutkadan 25 sutkaya kimi inzibati həbs cəzası verilib.

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL Partiyasının üzvləri və başqa fəalların iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlıya 30 sutka həbs cəzası verilib. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.

Mayın 30-da isə REAL Partiyası fəallarından Elmin Həmzəyə 25, Nəriman İsmayılova 30, Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.

REAL Partiyasının fəallarının hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib.