16:43, 07 Fevral 2018 (Çərşənbə) 330

Daha 3 nəfərin namizədliyi rəsmiləşdi - Rusiya

Daha 3 nəfərin namizədliyi rəsmiləşdi - Rusiya


/ DÜNYA
Fevralın 7-də Rusiyanın Mərkəzi Seçki Komissiyası Sergey Baburini prezidentliyə namizəd kimi qeydə alıb. O, Rusiya Ümumxalq İttifaqı Partiyasını təmsil edir.  MSK Yüksəliş Partiyasından Boris Titovun, "Yabloko” Partiyasından Qriqori Yavlinskinin namizədliklərinə də yaşıl işıq yandırıb.

Hər üç şəxs partiyalı namizəd kimi 100 min imza toplamaq tələbini ödəyib.

Prezident seçkisi martın 18-də keçiriləcək.

Mərkəzi Seçki Komissiyası prezident seçkisinə müstəqil iddiaçı kimi qatılan dövlət başçısı Vladimir Putinin namizədliyini ötən gün qeydiyyata almışdı.

Qeydiyyat üçün müstəqil namizəddən 300 min imza, partiyalı namizəddən 100 min imza toplamaq tələb olunub. Parlamentdə təmsil olunan partiyanın namizədi imza yığmaqdan azaddır. Kommunist Partiyasının prezidentliyə bitərəf namizədi Pavel Qrudinin və Liberal Demokrat Partiyasının namizədi Vladimir Jirinovski bu üsulla qeydiyyatdan keçib.

Vətəndaş Platforması Partiyasından Kseniya Sobçakın, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykinin sənədləri hələ araşdırılır.

Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz.