14:50, 20 Sentyabr 2018 (Cümə axşamı) 176

“Ceyrançöl”ün minalardan təmizlənməsi yekunlaşıb

“Ceyrançöl”ün minalardan təmizlənməsi yekunlaşıb
Sentyabrın 20-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)-NATO Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi" (Bakıdan 500 kilometr qərb) birgə layihəsinin bağlanış mərasimi olub.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib.

"Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi layihəsinin birinci mərhələsi çərçivəsində 28 ay (Aprel 2012-İyul 2014) ərzində 66 kvadrat kilometr ümumi sahənin 19 kvadrat kilometr ərazisi tam təmizlənib və 14, 654 PHS (partlamamış hərbi sursatlar) və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib".

Onun sözlərinə görə Ceyrançöl layihəsinin 2-ci mərhələsinə 2014-cü ilin iyulunda start verilib və 29 ay müddətində davam edən mərhələ çərçivəsində 25.361.396 kvadrat kilometr ərazi təmizlənib, 1553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib.

"Layihənin 3-cü mərhələsinə 2017-ci ilin yanvarında start verilib və 18 ay müddətində davam edən mərhələ çərçivəsində 22 milyon kvadrat kilometrə yaxın ərazi təmizlənib, 2 146 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Bu layihənin ilk iki mərhələsində rəhbər dövlət ABŞ, sonuncu mərhələsində isə Türkiyə olub, donor ölkə qismində Almaniya, Macarıstan, İslandiya, İtaliya, Norveç, Yaponiya, İsveçrə, Böyük Britaniya, Türkiyə və ABŞ dövlətləri çıxış edib. Azərbaycan hökuməti də bu vəziyyətlə bağlı dərindən maraqlanıb və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50 faizi miqdarında maliyyə vəsaiti ayırıb", o qeyd edib.

Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov ərazilərin minalardan təmizlənməsinin humanist missiya olduğunu deyib.

"Bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir".

Onin sözlərinə görə ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır.

"Əminik ki, ANAMA-nın xarici tərəfdaşlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək", Ələsgərov qeyd edib.