21:09, 10 Aprel 2018 (Çərşənbə axşamı) 225

Cəmil Həsənli: "İlham Əliyev zəhmət çəkib tədbir görsün”

Cəmil Həsənli:
"Korrupsiyaya, rüşvətxorluğa son qoymaq lazımdır”

İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, ölkəyə gələn turistlər əsassız olaraq incidilir.

"Bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”,  – deyə ölkə başçısı bildirib.

Ölkə başçısı ilk dəfə deyil, bu cür tənqidi çıxışlar edir.

Bəs siyasi partiya və qurum rəhbərləri bu barədə nə düşünür?

"İnsanlar desin ki, prezident yaxşıdır, ətrafı pisdir"

ReAl Partiyasının Məclis üzvü Azər Qasımlı Toplum Tv-yə deyib ki, İlham Əliyev belə çıxışları 15 ildir edir: "Sabah özünü prezident seçdirdikdən sonra da, eyni cür davam edəcək. Bu, sadəcə daxildə insanların eşitməsi üçündür. İnsanlar desin ki, prezident yaxşıdır, ətrafı pisdir. Prezident korrupsiyaya qarşıdır, məmurlar hər şeyi korlayır”.
 
 

Onun sözlərinə görə, tədbirlərin görülməməsinin səbəbi elə dövlət başçısının özüdür: "Yuxarda vəziyyət nədirsə, aşağıda da odur. Necə deyərlər, balıq başdan iylənər. Sistemin başında olan şəxslər korrupsiyaya bu qədər batmış olmasaydı, vəziyyət belə olmazdı”.
 
Azər Qasımlının fikrincə, bu çıxışlar problemi həll etmək istəyindən doğmur: "Sadəcə, gözdən pərdə asmaq xarakteri daşıyır”.

Müsavat Partiyası başqanı Arif Hacılı isə düşünür ki, İlham Əliyev qeyri-məhdud hakimiyyətə malikdir: "O, bu cür neqativ hesab etdiyi hallarla bağlı tədbirlər görməlidir. Televiziya kameraları qarşısında məmurları danlamaq yox, korrupsiyaya, rüşvətxorluğa son qoymaq lazımdır”.
 


Milli Şuranın sədri Cəmil Həsənli isə İlham Əliyevin bu cür çıxışlarını nəticəsiz hesab edir: "İlham Əliyev bunun səbəbini nədə görür? Əgər məmur rüşvətlə məşğul olursa, bu məmurların başında İlham Əliyev özü durur. Zəhmət çəkib tədbir görsün”.
 


Gülzar N. Məmmədli
Toplum TV