17:43, 06 Mart 2018 (Çərşənbə axşamı) 235

Cəmil Həsənli: "Biz kiminsə namizədliyini təbliğ etmirik"

Cəmil Həsənli:
"Milli Şuranin indidən təyin etdiyi mitinqlər qanunsuzdur". 

Bunu deputat Qüdrət Həsənquliyev martın 6-da Milli Məclisin iclasında deyib.   
 

Deputat fikrini belə əsaslandırıb: "Seçki Məcəlləsinə görə, seçkilətin lehinə və ya əleyhinə istər təbliğat, istərsə də əks-təbliğat aparmağa seçkilərə 20 gün qalmış icazə verilir. Bəs Milli Şura adlanan quruma niyə belə hüquq tanınır?”.

O bildirib ki, Milli Şuranın martın 10-da keçirmək istədiyi mitinq Seçki Məcəlləsinə ziddir: "Onlar martın 10-da mitinq keçirmək istəyirlər və mətbuatda yayılan informasiyalara görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də bu aksiya sanksiyalaşdırılıb. Qanunların aliliyini istəyən qrupun özü belə təşəbbüsdə olmamalıdır".

Qüdrət Həsənquliyev vurğulayıb ki, ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunmasını alqışlayır, amma qanunla təbliğat kampaniyasına seçkilərə 20 gün qalmış - martın 19-dan başlayaraq icazə verilir: "Həmin tarixdən sonra istəsələr lap gündə mitinq keçirsinlər, hər gün seçkinin əleyhinə kampaniya aparsınlar".

Deputat sonda əlavə edib ki, hazırda mitinqə icazə verilməsi seçki qanunvericiliyinin kobud surətdə pozulmasıdır. 

O, bununla bağlı Milli Məclis adından Bakı Şəhər İcra Hakimiyyətindən izahat tələb edilməsinin vacibliyini vurğulayıb: "İzahat tələb etməliyik ki, niyə seçki qanunvericiliyinin bu formada pozulmasına şərait yaradır?”.

Məsələyə münasibət bildirən Milli Şuranın sədri Cəmil Həsənli Toplum Tv-yə deyib ki, mitinqlər konstitusiyaya və qanuna tam uyğundur:
 
 
"Biz 2017-ci ilin payızında da mitinqlər keçirmişik. Bu mitinqin yalnız bir epizodu seçki ilə bağlıdı, qalan epizodları siyasi məhbuslar və digər məsələlərə aiddi. Biz kiminsə namizədliyini təbliğ etmirik".  

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, keçiriləcək mitinqdə təbliğat aparılmayacaq:
 
 
"Təyin olunan mitinq Konstitusiyanın 49-cu maddəsinə və "Sərbəst toplaşma azadlığı haqqında” qanuna uyğun olaraq ölkədə baş verən proseslərə qiymət verməsi üçün təyin olunan mitinq idi. Bu mitinqin seçki təbliğatı ilə heç bir əlaqəsi yoxdur".

Vəkil Namizəd Səfərov isə açıqlamasında bildirib ki, toplantı yığıncaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur: "Hər bir vətəndaş təklikdə və yaxud başqa şəxslərlə birlikdə öz fikrini azad şəkildə ifadə edə bilər.
 
 
Milli Məclisin deputatı tərəfindən bu fikrin irəli sürülməsi, zənnimcə, doğru addım deyil, onun fikri ilə razı deyiləm. Hər bir siyasi qurum istədiyi vaxt hakimiyyət orqanlarına məlumat verdiyi halda toplantı, mitinq keçirə bilər". 

Mill Şura martın 10-da Müsava Partiyası ilə birgə mitinq keçirmək üçün Bakı Şəhər İcra hakimiyyətinə müraciət edib.

2013-cü ilin iyun ayında yaradılmış Milli Şuraya quruma tarixçi alim Cəmil Həsənli sədrlik edir. Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də yer alır.

2013-cü ilin oktyabrında 3-cü dəfə 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. 

Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Həmin vaxt edilən digər bir dəyişikliklər prezidentin səlahiyyət müddətn 5 ildən 7 ilə artırılıb.

Lalə İsgəndərli
Toplum.Tv