10:56, 06 Mart 2018 (Çərşənbə axşamı) 272

Büdcədən SOCAR-a 100 milyon ayrıldı

Büdcədən SOCAR-a 100 milyon ayrıldı
2018-ci ilin dövlət büdcəsindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 100 milyon manat ayrılacaq.

Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncama əsasən, həmin vəsait ölkə ərazisində qazlaşdırmanın artırılmasına sərf olunmalıdır.

Sərəncamda deyilir ki, əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işlərinin səviyyəsi 93 faizə çatdırılıb.

SOCAR ayrılmış vəsait hesabına Azərbaycanda qazlaşma səviyyəsini 93 faizdən 95 faizə çatdırılmalıdır.

Ölkə ərazisində qazlaşdırma işlərinin durumuna prezident İlham Əliyevin son zamanlardakı çıxışlarında vaxtaşırı toxunulurdu.

"Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı yanvarda keçirilmiş konfransda prezident son 13 ildə bu sahədə görülən işlərdən razılıq etmişdi.

"2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir”, - ölkə başçısı həmin konfransda demişdi.