10:38, 27 Avqust 2017 (Bazar) 2473

"Bu siyasətin qarşısını mütləq almalıyıq" - Azər Qasımlı

"Azərbaycanda ən çox praktik və effektiv iş görən təşkilat, bəlkə də, REAL-dır"

Azər Qasımlı hazırda həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun siyasi məsələlər üzrə müavinidir. Onunla ölkədəki ictimai-siyası prosesi müzakirə etdik:

- Azər bəy, son günlər İlqar bəydən xəbəriniz varmı? Səhhəti necədir?

- Səhhəti yaxşıdır, heç bir problem yoxdur. Bu yaxınlarda zəng etmişdi. Vəziyyəti yaxşıdır, mübarizdir. Hər şey qaydasındadır. 

- Qarşıdan prezident seçkiləri gəlir. İlqar bəyin seçkilərə qədər buraxılmasını gözləyirsiniz? 

- Təbii ki, müəyyən mənada gözlənti var. Deməzdim ki, ümidimiz var buna, amma gözləntimiz var. Çünki əvvəla, İlqar bəyin həbsinin özü qeyri-qanunidir. Onunla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı var. Hansı ki Azərbaycan hakimiyyəti bu qərarə yerinə yetirməlidir. Bu yaxınlarda Avropa İnsan Haqları Məhkəməsindən yeni bir qərar da gözlənilir. Hər halda düşünürük ki, Avropa Şurasından və digər Avropa institutlarından hakimiyyətə bu istiqamətdə ciddi təzyiqlər davam edəcək.

- İlqar bəy seçkilərə qədər buraxılmasa, REAL-ın namizədi kim olacaq? 

- Bu haqda bir söz deyə bilmərəm. Çünki bu məsələni müzakirə etməmişik. Hazırda bizim namizədimiz İlqar bəydir. Əgər İlqar bəy seçkilərdə iştirak edə bilməsə, məhz o zaman biz bu məsələni müzakirə edəcəyik. Ona uyğun da qərar qəbul edəcəyik.

- REAL hərəkatının bu gün partiyaya çevrilmə istəyi hansı zərurətdən irəli gəlib? 

- Əslində, biz bunu dəfələrlə demişik, bu gün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, siyasi fəaliyyətlə məşğul olan təşkilat məhz partiyadır. Amma bir məsələni sizə deyim ki, önəmli deyil təşkilatın adı partiya olsun və ya hərəkat. Əsas məsələ odur ki, siyasi iddia ortaya qoyan təşkilat və yaxud insanlar mütləq şəkildə strukturlaşmalıdırlar. Onların bölgələrdə, Azərbaycanın hər yerində yerli təşkilatları olmalıdır. Çünki peşəkar şəkildə siyasi fəaliyyətlə məşğul olmaq üçün məhz bu strukturlara ehtiyac var. Zərurət də məhz burdan yaranıb. 

- REAL-ın fəaliyyətindəki durğunluğun səbəbi nədir? Erkin bəy çıxışlarından birində vurğulamışdı ki, bizim tələsən yerimiz yoxdur. Bu durğunluq bununla bağlıdır, yoxsa necə?

- Bizim fəaliyyətimizdə hər hansı bir durğunluq yoxdur. Konkret misallar da çəkə bilərəm. Məsələn, bu yaxınlarda REAL-ın əsas simalarından üç nəfəri: mən, Xalid Bağırov, Erkin Qədirli Salyana getmişdik. Orada həm REAL-çılarla, həm də əhaliylə görüşümüz oldu. Bundan öncə isə bizim İsmayıllıda görüşlərimiz olub. Yəni bu görüşlər hər zaman olub. Çox yaxın zamanda da bizim qurultayımız olacaq. Bu dəqiqə də buna hazırlıq gedir. Digər tərəfdən, "Cümhuriyyət məktəbi” layihəmiz var və daima iki həftədən bir bu layihəyə çərçivəsində insanlar gəlir, danışır. Bu gün cəmiyyəti maraqlandıran mövzularda mühazirələr olur. O cümlədən də "Alternativ” jurnalımız var. Yəni biz belə deyək də, ölkədə irəlidə baş verəcək proseslərə ciddi şəkildə hazırlaşırıq. Deyərdim ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlardan ən çox praktik və effektiv iş görən təşkilat, bəlkə də, elə REAL-dır. O ki qaldı Erkin bəyin fikrinə, o, bunu ona görə deyib ki, "tələsən təndirə düşər". 
Erkin bəyin dediyi hər halda ondan ibarətdir ki, biz heç bir səhv etmədən, hər bir addımımızı yüz ölçüb, bir biçib atmalıyıq. O nöqteyi-nəzərdən təbii ki, bizim tələsən yerimiz yoxdur. 

Biz də gözəl anlıyırıq ki, digər tərəfdən, bu, bizim həyatımızdan gedir. İstərdik ki, Azərbaycanda azad-demokratik seçkilər keçirilsin və bu seçkilərdə iştirak edək, öz məharətimizi, özümüzü göstərək və xalq da kimə səs verəcəksə, onu seçsin. Hər halda düşünürük, elə bir seçki kampaniyası apara bilərik ki, bütün siyasi təşkilatlara qalib gələk. Bu potensiyalı, bu gücü özümüzdə görürük. Amma hakimiyyət bunu keçirməyə imkan vermir. Digər tərəfdən, biz seçkilər vasitəsilə hakimiyyətə gəlib, bu ölkədə çox yaxın zamanda problemləri həll edə bilərik və ölkəni daha düzgün istiqamətə yönəldərik. Bu gücü, potensialı özümüzdə görürük. Bunu etmək istəyirik, amma sistem qapalıdır və buna etməyə imkan vermir. Bu potensial içimizdə yavaş-yavaş sönməyə doğru gedir. Eyni şey, o cümlədən də iqtisadiyyata da aiddir. Biznes sahəsində nə qədər savadlı, səviyyəli gənclərimiz, yeni nəsilin nümayəndələri var ki, yeniliklər edə bilərdilər. Amma biznes sahəsi də bağlıdır. Bu sahədə də potensial insanlarımız ya ölkədə qalıb sönür, ya da xaricə gedir, orada öz imkanlarını ortaya qoyur. Bu, mədəniyyət sahəsinə də aiddir. Çünki mədəniyyət sahəsində monopoliya olmasa da, qadağalar var. Yeri gəlmişkən, onu deyim ki, mədəniyyətin özəl sektoru da çalışmamaqdadır. Məsələn, bu gün hər hansı bir özəl teatırın adını çəkə bilərsinizmi ki, ölkədə hansısa uğura imza atıb, yaxud dünyada tanınıb? Yoxdur belə bir şey. Bu sahədə insanlarda öz istəklərini və bacarıqlarını ortaya qoya bilmirlər. Yəni bu baxımdan təbii ki, biz vaxt itirməməliyik,  düzgün addımlar atıb, effektiv fəaliyyət göstərib bu sistemi tamamilə darmadağın etməliyik. Onun yerində yeni bir sistem qurmalıyıq. Bunu da bilirik və fəaliyyətimizi buna doğru yönəltmişik.

- Azərbaycan cəmiyyətindən gözləntiləriniz nədir? 

- Biz istəyərdik ki, cəmiyyət daha aktiv və fəal olsun. Amma hakimiyyətin repressiyaları buna imkan vermir. Əgər repressiyalar olmasaydı, mən fikirləşirəm ki, Azərbaycan cəmiyyəti indikindən qat-qat daha aktiv olardı. Hakimiyyət də çox gözəl bilir ki, dünyada və yaxud da Azərbaycanın özündə hər hansı bir hadisə baş versə, cəmiyyət həmin diriləcək və aktiv fazaya keçəcək. İndi yay fəslidir, amma payıza doğru təbii ki, bir şeylər baş verə bilər. Ölkədə müəyyən dəyişikliklər də ola bilər. O cümlədən də, gələn il seçkilər ilidir. Burada daxildə iqtisadi vəziyyət daha da gərginləşəcək. Dünya bazarında da neftin qiymətinin qalxma ehtimalı çox aşağıdır. Resurslarımız da əriməkdədir, insanların sosial vəziyyətinə bunun ciddi təsiri var. Sosial vəziyyət get-gedə daha da ağırlaşacaq. Digər tərəfdən də, xaricdən hər zaman olan müəyyən təzyiqlər seçki ilində daha da artacaq. Düşünürük ki, bu faktorları nəzərə alaraq, Azərbaycan cəmiyyəti sonuc etibari ilə aktiv bir fazaya keçəcək.

- Azərbaycanın hazırkı durumunu necə qiymətləndirirsiniz? 

- Bu yaxınlarda Ramil Quliyevin qələbəsinin şahidi olduq. Çox təəssüflər olsun ki, Ramil Quliyev bu medalı məhz Azərbaycan adına qazanmadı. Amma Ramil Quliyev azərbaycanlıdır və azərbaycanlı olduğunu da Azərbaycan bayrağını qaldırmaqla bir daha sübut etmiş oldu. Fikirimi ona gətirmək istəyirəm ki, bizim ölkədə istedadlı insanlar çoxdur. Həm mədəniyyət sahəsində, həm incəsənətdə, həm biznesdə, həm də siyasətdə. Bu ölkəni daha yaxşı idarə edəbiləcək insanların sayı az deyil. Bizim düşündüyümüzdən dəfələrlə çoxdur. Təəssüflər olsun, bu gün Azərbaycanda elə bir durum yaradılıb ki, bu insanlara fürsətlər qapadılıb. Onlara özlərini göstərmək üçün, həyatda nəyəsə nail olmaq üçün hər hansı bir fürsətlər verilmir. Əksinə elə bir sistem qurulub ki, istedadlı insanlar Azərbaycanı tərk edir. Bu, artıq kütləvi bir hala çevrilib. Azərbaycan cəmiyyəti buna adekvat olaraq bir münasibətini göstərməsə, bu siyasətin qarşısını almasa, ölkəni çox ciddi problemlər gözləyir. İlk növbədə, məhz ağıllı insanların ölkədən getməsi və sonuc etibarilə ölkədə ciddi şəkildə savadsızlığın yaranması gözlənilir. Yəni biz bunu görürük və təbii ki, buna qarşı da fəaliyyətimizi göstəririk. Bu gün mövcud olan sistemin mahiyyəti ondan ibarətdir ki, cəmiyyətə bütün fürsətlər qapadılsın. Durum belə də davam edə bilməz. Bu gün biz cəmiyyət olaraq buna etiraz etməli və bu siyasətin qarşısını mütləq almalıyıq. 

- REAL-ın ölkədəki sosial və iqtisadi böhranla bağlı hansısa tədbirləri olacaqmı? Kütləvi etirazlar, aksiyalar təşkil etmək haqqında düşünmüsünüz heç?

- Bu haqda hər zaman düşünürük, təbii ki. Bu məsələ hər zaman bizim gündəmimizdədir və bu məsələlərlə bağlı qızğın müzakirələrimiz olur. Amma hər halda indiki mərhələdə biz başqa bir metodlardan istifadə edilmənin daha məqsədəuyğun olduğu qənayətindəyik. Baxmayaraq ki, məsələ hər zaman dəfələrlə müzakirə olunub və hər zaman da dərin müzakirələr və mübahisələr nəticəsində biz hər zaman eyni qənaətə gəlmişik ki, bu gün daha fərqli siyasi metodlardan istifadə etmək daha doğrudur. Bir metod kimi kütləvi aksiyaları da inkar etmirik. Vaxtı çatanda təbii ki, biz də bunlardan istifadə edəcəyik. 

Vüsal Əfəndi
Toplum.Tv