17:51, 20 Oktyabr 2017 (Cümə) 37

Bu şəxslər yolları təmizləyəcək

Bu şəxslər yolları təmizləyəcək
Nazirlər Kabineti "İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası"nı təsdiq edib.

Qaydalara əsasən, ictimai işlər cəzası belə cəzaya məhkum olunmuş şəxslərin əsas işindən və ya təhsilindən asudə vaxtında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai‑faydalı işləri yerinə yetirməsindən ibarətdir.

İctimai işlər cəzasına məhkum olunmuş şəxslər şəhər, rayon ərazisinin, küçə, park və meydanların, yolların, abadlaşdırılması və təmizlənməsi (o cümlədən, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması), məişət tullantılarının (əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyaların, maddələrin və materialların, tullantıların) yığılması (toplanılması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması, yaşayış ərazilərinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, yataqxana və pansionatların, sosial xidmət müəssisələrinin, habelə sosial sferanın digər obyektlərinin tikintisi və təmir, kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və ictimai əhəmiyyətli digər işlərə cəlb edilə bilərlər.

Yerli icra hakimiyyəti orqanı ictimai işlərin həyata keçiriləcəyi yerləri bilavasitə tabeliyində olmayan müəssisələr üzrə yalnız sonuncuların razılığı və müraciəti əsasında müəyyən edə bilər.

İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin həyata keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən həmin şəxslərin peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraitinin həmin şəxslərin sağlamlıq vəziyyətinə uyğunluğu nəzərə alınmalıdır.

İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı açıq hava altında və kollektiv formada təşkil olunan iş yerlərinə üstünlük verilməlidir.