10:35, 11 Yanvar 2017 (Çərşənbə) 94

Bu günə olan atəşkəs açıqlaması

Bu günə olan atəşkəs açıqlaması
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 42 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonundan Azərbaycan ordusunun Qazax rayonundakı mövqeləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Koxanəbi kəndinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Çiləbürt, Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.