20:55, 11 Fevral 2018 (Bazar) 4451

"Bu, dəyişiklik bir növ toydan sonra nağaraya bənzəyir" - Hüquqşünas

Prezident İlham Əliyev dekabrın 15-də Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanun qəbul edib. 

Dəyişikliyə görə, qabaqcadan tikintisi başa çatdırılmayan mənzillərin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınacaq.

Hüquqşünas Əkrəm Həsənov qəbul olunmuş qərarın bu sahədəki bir çox problemin həllinə təkan verəcəyini düşünür:
 

"Yeni qaydalarda yalnız mənzil yox, binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. Beləliklə də, bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq. Tikinti şirkəti isə mənzil mülkiyyətçilərinin işçisi hesab ediləcək. Yəni onun işi sırf binanın tikib təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə, aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər. Bu dəyişikliklər əsasən cari ilin iyulun 1-dən qüvvəyə minəcək. Beləliklə də, Azərbaycanda nəhayət ki, bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də yavaş-yavaş "vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak, ilk növbədə, torpaqdır, üstündəki isə onun tərkib hissəsidir. Mən müsahibələrimdə bu barədə fikirlərimi səsləndirmiş, təkliflərimi vermişdim. Yekunda da qanuna edilən dəyişikliklər məhz bu formada oldu. Ümid edirəm ki, dəyişiklilərin icrası da yüksək səviyyədə həyata keçiriləcək. Hər bir halda dövlət başçısının təşəbbüsü ilə atılan bu addım ölkə iqtisadiyyatımız üçün çox müsbət nəticələr verəcək”.

Hüquqşüas Ruslan Əliyev isə hazırkı problemlərin gələcəkdə yarana biləcəyi ehtimalını istisna etmir: "Bu dəyişikliklərə uzun müddətdir ki, ehtiyac var idi. Azərbaycanda tikinti bumu yaşananda dövlət Avropa İnsan Haqları Konvensiyasının rəsmi şərhi olan Avropa Məhkəməsinin president hüququ tələb edirdi ki, dövlət mülkiyyətə müdaxilədən çəkinməlidir. Amma gərəkli olduğu zaman mülkiyyət hüquqlarının qorunması naminə aktiv müdaxilə etməlidir. Dayanmadan insanların kütləvi sürətdə aldadılması faktları var idi. Məhkəmələrin də qarşısına yüzlərlə insan mülkiyyət hüququnu tələb edirdi. Bugünə qədər də həll olunmamış məhkəmə işləri qalmaqdadır. Bu problemin həlli yolu reyestr yaratmaq idi. Hökumətin 10 il əvvəldən bu qaydaları tətbiq etmək imkanı var idi. Ölkəyə valyuta axını gələn zaman tikinti bumu da geniş yayılmışdı. Vaxtından əvvəl tikintini başa çatdıra bilməyən şirkətlər də yüzlərlə insanın taleyini məhkəmə qərarlarından asılı hala salmışdılar. Belə mənfi halların qarşısını almaq üçün reyestr sistemi effektiv olacaq.  Sadəcə olaraq burada ən maraqlı məsələ o olacaq ki, bugünədək aldadılmış şəxslər var idi. Hansı ki, hazırda onların məhkəmələri gedir. Bu qərarı nəyə tətbiq edəcəklər, o maraqlıdır. İkinci maraqlı məsələ də odur ki, indi həmin işlərdə məsələni qaldıranlar artıq dövlətin pozitiv öhdəliklərini vaxtından əvvəl yerinə yetirməməsindən yaranmış vəziyyətdən özlərinə dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı müddəa qaldıra biləcəklər. Bu məsələ də artıq aktuallaşacaq. Məcəlləyə olan bu dəyişiklik müsbət addımdır. Sadəcə gecikib. İnsanların kütləvi şəkildə aldadılmağa davam etdiyi müddətdə buna təcili müdaxilə etmək lazım idi, edilmirdi. Artıq tikinti bumu da səngiyib, son 2 devalvasiyadan sonra minlərlə insanın o dövrdə verdiyi pulun dəyəri ölüb. Bu, bir növ toydan sonra nağaraya bənzəyir. Amma bu dəyişiklikləri növbəti toylar üçün hazırlayıblar”. 
 

Ruslan Əliyev hesab edir ki, problemlər tamamilə yox olmayacaq: "Mülkü şirkətlərə yaxın olan insanların adına keçirmək, onlarla digər şəxsləri üz-üzə qoymaq, müxtəlif fəndgir variantların yeni sistemə uyğunlaşdırılmaq kimi hallar yenə də olacaq. Sadəcə olaraq artıq bu tip dələduzluqlara qarşı həddindən artıq ciddi vasitə var. Mülki Məcəlləyə olan bu müsbət dəyişikliyin ciddi şəkildə piarı aparılmalıdır. Jurnalistlər və dövlət tərəfindən insanlar maarifləndirilməlidir. Ev almaq istəyən vətəndaşlar bilməlidir ki, yeni qaydaların köməyi ilə yaydan etibarən bağlayacaqları müqavilələrin hamısı yeni qaydalara uyğun gəlməlidir”.

Ofelya Ramilqızı
Toplum.Tv