15:12, 16 Avqust 2018 (Cümə axşamı) 418

"Bu addımlar Türkiyə üçün dopinq qəbuluna bənzəyir"

ABŞ-la Türkiyə arasında diplomatik münasibətlər gərginləşib. 

Belə ki, ABŞ prezidenti Donald Tramp Türkiyədə ev dustağı olan və terrorizmdə ittiham edilən Əndryu Bransonun azadlığa buraxılmasını tələb edib. 

Türkiyə hökuməti isə bu çağırışa müsbət cavab verməyib. 

ABŞ hökuməti Türkiyənin imtinasına cavab olaraq bu ölkədən polad və alüminium idxalına rüsumu iki dəfə artırıb. Nəticədə iki ölkə arasındakı münasibətlər xeyli pisləşib. 

Bundan sonra Türkiyənin milli valyutası lirə dollara nisbətdə, demək olar ki, 40% dəyərdən düşüb. Hazırda dolların məzənnəsi 6.75 TL-dir.

Maraqlıdır, Türkiyə hökməti lirənin məzənnəsinin sabitliyini necə təmin edəcək? Ümumiyyətlə, valyuta bazarındakı sabitliyin qorunması inzibati üsullarla bağlıdırmı?

Politoloq Şahin Cəfərli hesab edir ki, Ərdoğanın çağırışları və çox böyük ehtimalla mediaya açıqlanmayan gizli göstərişləri nəticəsində bazara xeyli dollar çıxarılıb: "Avqustun 14-ü səhər saatlarında dollar qarşısında astronomik dərəcədə dəyər itirən lirənin eyni günün axşamı və ertəsi gün bir az enməsi, şübhəsiz ki, ajiotajın və panikanın azalmasına səbəb oldu. Amma lirənin güclənməsindən və maliyyə bazarlarında sabitliyin yaranmasından danışmaq hələ çox tezdir. Dollar hazırda 6 TL-yə bərabərdir və bu, kifayət qədər yüksək səviyyədir. Yeddi lirəni ötmüş lirənin müəyyən qədər bahalaşması bir neçə səbəblə əlaqədardır. Əvvəla, prezident Ərdoğanın çağırışları və çox böyük ehtimalla mediaya açıqlanmayan gizli göstərişləri nəticəsində bazara xeyli dollar çıxarıldı. Güman olunur ki, öz vəsaitlərini xarici valyutada saxlayan holdinqlər, iri şirkətlər bu vəsaitlərin bir hissəsini lirəyə çeviriblər. Təkcə "Akbank"da avqustun 14-də 1,5 milyard dollar həcmində valyuta lirəyə çevrilib. Digər banklar hələlik açıqlama verməsələr də, onlarda da ciddi satışların olduğu məlumdur. Bununla valyuta bazarındakı yanğının üstünə su töküldü və dollara olan tələbat ödənməklə məzənnə aşağı salındı. İkinci səbəb Mərkəzi Bankın və BDDK-nın (Bankacılık Düzenleme ve Denetleme Kurulu) bazar mexanizmləri çərçivəsində müvafiq addımlar ataraq ajiotajı səngitməsidir. Nəhayət, üçüncü səbəb bazarın ABŞ-la aparılan danışıqlar nəticəsində rahib Branson probleminin həllinə inanmağa başlamasıdır”. 

Onun sözlərinə görə, lirənın ucuzlaşması prosesi ümumən iqtisadi problemlərlə bağlı olsa da, son emosional yüksəliş məhz ABŞ-la münasibətlərdə yaranmış ziddiyyətlə əlaqədardır: "Hazırda bazar bu böhranın həllini, necə deyərlər, satın almağa başlayıb. Lakin rahib məsələsinin həlli o demək deyil ki, Türkiyə maliyyə bazarlarındakı problem həll olunacaq, lirə ciddi şəkildə dəyər qazanacaq. Bəli, TL-nin məzənnəsində müəyyən sabitləşmə olacaq, amma unutmaq olmaz ki, lirə rahib böhranından əvvəl də ucuzlaşırdı və qeyd etdiyim kimi, bunun iqtisadi əsasları, səbəbləri var. Əsas səbəblər iqtisadi göstəricilərin pisləşməyə başlamasıdır. Belə ki, yüksək inflyasiya (illik 16%), yüksək xarici ticarət kəsiri, yüksək xarici borc, ölkədən əcnəbi sərmayənin qaçışı və daxil olan sərmayənin azalması, işsizlik, xaricdən ucuz borc cəlb etməyin çətinləşməsi və digər amillər lirə üzərində ciddi basqı yaradır”.

Ş. Cəfərli qeyd edib ki, Türkiyədə demokratiya və insan haqları sahəsində mövcud olan problemlər də iqtisadi durumun pisləşməsinə ciddi təsir edib: "Məhkəmə müstəqilliyinin, mətbuat azadlığının məhdudlaşdırılması da əcnəbi sərmayəçilərinin ölkəyə marağını azaldıb. Onlar sərmayə yatırmağa və bundan faydalana biləcəklərinə inanmırlar. Turizm mövsümü ilə əlaqədar həm ölkəyə valyuta daxil olur, həm də otellərdə, turizm obyektlərində işlə təmin olunmaq imkanları hələ ki var. Yay bitdikdən sonra üzü qışa doğru Türkiyədə iqtisadi problemlərin ağırlaşmağa başlayacağını, qiymət artımlarının baş verəcəyini və insanların getdikcə daha çox bu çətinlikləri öz üzərində, gündəlik yaşamında hiss edəcəyini düşünürəm. Bu problemlərin qısa müddətdə həlli mümkün deyil. Ciddi iqtisadi proqrama və institusional islahatlara ehtiyac var”.

İqtisadçı Məhəmməd Talıblı isə Türkiyədə baş verən problemləri belə şərh edib: "Digər valyutaların lirəyə dəyişdirilməsinə çağırış, milli hisslərin işə düşməsi məhz cəmiyyəti hökumət ətrafında səfərbər etmək niyyəti güdür. Bu addımlar daha çox cəmiyyətin nəbzini yoxlamaq məqsədilə atılır. Lakin bu, xəstəliyi olan insana ağrılarını azaltmaq üçün ağrıkəsicinin vurulması və süni müqavimətin yaratması üçün dopinq qəbuluna bənzəyir. Sadəcə, lirənin 100 faizdən artıq dəyər itirməsindən sonra 12 faizlik tsiklik olaraq dəyər qazanması psixoloji faktorla bağlıdır. Qətərin, Rusiyanın 30 milyardlıq investisiya vədi bazarda nisbi səngimə yaradıb. Bu da ötəridir. Dünyanın gündəlik 4 trilyon dollarlıq valyuta bazarından investisiyanın çəkmək üçün elə ciddi təşviq imkanları işə salınmalıdır ki, lirənin sabit reysə düşməsi üçün əsaslar yaransın”.

Nəzrin Bədəlli
Toplum.Tv