11:00, 29 Yanvar 2019 (Çərşənbə axşamı) 126

BMT rəhbəri dünyada dözümsüzlüyün artdığını deyir

BMT rəhbəri dünyada dözümsüzlüyün artdığını deyir


/ DÜNYA
BMT-nin baş katibi dünyada antisemitizmin, yəhudilərə nifrətin artması barədə xəbərdarlıq edib.

Antonio Qutyeres yanvarın 28-də BMT-də Beynəlxalq Holokostu Anım Günü mərasimində çıxış edib.

O deyib ki, 2017-ci ildə Birləşmiş Ştatlarda antisemit insidentlər 57 faiz artıb. Avropa Birliyinin monitorinq agentliyinin ötən il bildirməsinə görə, yəhudilərin 28 faizi yalnız yəhudi olduğu üçün qısnamayla üzləşdiyini deyib.

Qutyeres Holokostun tarixini yenidən yazmaq cəhdləri sarıdan da xəbərdarlıq səsləndirib. 2-ci Dünya müharibəsi zamanı Adolf Hitlerin qüvvələri 6 milyon yəhudini qətlə yetiriblər.

BMT rəhbəri dünyada dözümsüzlüyün ümumilikdə gücləndiyini vurğulayıb. O, bir sıra ölkələrdə – Myanmada rohinca müsəlmanları, İraqda yəzidi azlığına hücum və təqibləri misal çəkib.

Beynəlxalq Holokostu Anım Günündə 74 il öncə Auschwitz ölüm düşərgəsinin azad olunması qeyd olunur.

Azadlıq Radiosu