12:01, 15 May 2018 (Çərşənbə axşamı) 151

BMT Qüdsə görə yığışacaq

BMT Qüdsə görə yığışacaq
BMT-nin Təhlükəsizlik Şurası mayın 15-də toplaşaraq İsraillə Qəzzə sərhədindəki zorakılıqları müzakirə edəcək. Bir gün öncəki toqquşmalarda 2014-cü il müharibəsindən bəri ən çox adam öldürülüb və yaralanıb. Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edənlərə İsrail tərəfdən atəş açılıb, azı 58 fələstinli həlak olub, 1200-dən çox adam yaralanıb.

BMT Təhlükəsizlik Şurasının iclasının çağrılmasını Küveyt istəyib.

İsrail əsgərlərinin sərhədi qoruduqlarını bildirir, Hamas yaraqlılarını etiraz adı altında hücum etməkdə suçlayır.

Şuranın iclasının hansı nəticəni verəcəyi bəlli deyil. Martdakı etirazlardan sonra da oxşar toplantı keçirilmişdi, heç bir birgə bəyanat verilməmişdi. BMT-nin iki diplomatının bildirməsinə görə, mayın 14-də Küveytin təklif etdiyi bəyanatla bağlı da vahid mövqeyə gəlinməyib.

Medianın əldə etdiyi bəyanat layihəsində qətllərlə bağlı "qəzəb və kədər” bildirilir, etirazların "müstəqil və şəffaf təhqiqatı” istənilir, tərəflər təmkinli olmağa çağırılır.

BMT diplomatlarının deməsinə görə, Birləşmiş Ştatlar bu bəyanatı bir məqama görə əngəlləyib. Sənəd bütün ölkələri Təhlükəsizlik Şurasının on illərdir mövcud olan qətnaməsinə əməl etməyə, mübahisəli Qüds şəhərində səfirlik açmamağa çağırır.

ABŞ dekabrda da şuranın qətnaməsinə veto qoymuşdu. Qətnamə prezident Donald Tramp-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını ləğv etməsini istəyirdi.

Mayın 14-də Fələstinin BMT-dəki elçisi şuranı qətlləri pisləməyə çağırıb. İsrail isə şuradan Haması pisləməsini istəyib. Bu islamçı qruplaşma Qəzzə zolağına nəzarət edir və etirazların təşkilatçısıdır.

Zorakılıqların baş verdiyi məqamda Qüdsdə şənliklər keçirilib. Həm İsrailin yaradılmasının 70 illiyi, həm də ABŞ-ın Qüdsü paytaxt kimi tanıması bayram edilib. Bu addım Qüdsü gələcək paytaxtları hesab edən fələstinliləri qəzəbləndirib.

Azadlıq Radiosu