16:47, 03 Oktyabr 2018 (Çərşənbə) 292

BMT məhkəməsinin ABŞ sanksiyaları ilə bağlı qərarı

BMT məhkəməsinin ABŞ sanksiyaları ilə bağlı qərarı


/ DÜNYA
BMT-nin Beynəlxalq məhkəməsi oktyabrın 3-də qərar verib ki, ABŞ İran üzərindən humanitar yardım, ərzaq, tibbi ləvazimatlar və mülki aviasiya üçün ehtiyat hissələri ilə bağlı sanksiyaları götürməlidir. Bu haqda "Reuters" xəbər verir. Dinləmələr zamanı məhkəmə tərəfləri fikir ayrılıqlarını dərinləşdirəcək addımlardan çəkinməyə çağırıb.

BMT məhkəməsi avqustda İranın ABŞ-a qarşı iddiasını araşdırmağa başlamışdı. Tehran hesab edir ki, Vaşinqton 1955-ci ildə əldə olunmuş "Dostluq, iqtisadi əlaqələr və konsul hüquqları haqqında" razılaşmanı pozub. Sənəd tərəflərin ticarətdə qarşılıqlı yardım göstərməsini nəzərdə tutur.

Bu il avqustun sonunda ABŞ dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, İran sanksiyaların mübahisələndirilməsinə çalışmaqla BMT-nin Beynəlxalq məhkəməsindən sui-istifadə edir.

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış çoxtərəfli nüvə anlaşmasından çıxdığını və Tehrana qarşı sanksiyaların mərhələli şəkildə bərpa olunacağını bildirib.

ABŞ və İsrail hakimiyyəti əmindirlər ki, 3 il öncə bağlanmış anlaşma İrana nüvə silahı hazırlamaq üçün lazımlı vasitələri gizlicə əldə etmək imkanı qazandırıb. Tehran ittihamları rədd edir. Avropa Birliyi ABŞ-la razılaşmayıb və Amerika sanksiyalarından yayınmağa fürsət verəcək tədbirlərin görülməsinə başladığını bəyan edib.

Beynəlxalq sanksiyaların yumşaldılması müqabilində Tehranın nüvə proqramını dayandırması haqda anlaşma 2015-ci ildə imzalanmışdı. Sənədə İran, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin, Almaniya və başqaları imza atıblar.