00:10, 06 Noyabr 2018 (Çərşənbə axşamı) 255

"Biznesin dərdi qeydiyyatdan sonra başlanan zülm - fəaliyyət dövrüdür" - Ekspert

Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan dünyada daha çox islahat həyata keçirən ölkə elan edilib. 

Dünya Bankı qrupu tərəfindən hər il hazırlanan "Biznesin aparılması" ("Doing Business") reytinqində Azərbaycan 2018-ci ilin may ayında öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yeri tutub.

"Doing Business" reytinqi müxtəlif indikatorlar üzrə hesablanır və həmin indikatorlar üzrə toplanan ballar son nəticəyə təsir edir. 

Hesabatda, həmçinin Azərbaycanın 10 islahatçı dövlət arasında birinci, Türkiyənin isə ikinci yerdə olması göstərilib.

Bəs bu indikatorların mənası nədir? 

Hansı kriteriyalara görə Azərbaycan sözügedən hesabatda ön sıralarda yerini tutur?

Mövzu ilə bağlı bəzi iqtisadçılar müxtəlif şərhlər bildiriblər.

"Epizodik göstəricilər əsas deyil"

İqtisadçı Məhəmməd Talıblı Toplum.tv-yə bildirib ki, bu indikatorlar biznesin bütöv halda  açıqlıq dərəcəsini müəyyən etmir: "Düzdür, bizim qərar tutduğumuz qonşular Avropa İttifaqı ölkələridir. Amma Gürcüstan bu reytinqdə bizdən də öndə gedir. Yəni 6-cı yerdə qərar tutublar.  Amma Azərbaycanın bu hesabatda tutduğu yer Türkiyə və Ermənistan ilə müqayisədə yaxşı yer hesab olunur. Tikinti icazəsi, obyektin elektrifikasiyası, mülkiyyətin qeydiyyatı, kredit almaq, investisiyanın müdafiəsi üzrə 2017-ci illə müqayisədə 2018-ci il göstəricilərində ciddi irəliləyişlər qeyd olunur. Pillələr hansı dəyişiklikləri əhatə edir? Məsələn, həmin irəliləyişə səbəb olan indikatorlar içərisində tikinti işləri ilə bağlı irəliləyişi ifadə edən fəaliyyət var. Bu pozisiya üzrə yaxşılığa doğru dəyişmə tikinti sahəsində bilirsiniz, nəyi özündə ehtiva edir? Tikintinin qeydə alınmasında operativlik nisbətən yaxşılaşıb. Əvvəllər bir neçə aya alınan lisenziya indi zaman baxımından nisbətən qısaldılıb. Bəs tikinti biznesində əsas problem şirkətlərin zamanlanması ilə bağlıdır? Təbii ki, xeyr. Başqa tikinti biznesi ilə bağlı başqa problemlər də var axı".

İqtisadçı onu da vurğulayıb ki, Azərbaycan liberal ticarət siyasəti üzrə mövqeyini yaxşılaşdırsa, bu, digər indikatorlara da yaxşı təsir göstərəcək: "Qlobal ticarət zəncirində iştirak və inteqrasiya proseslərində fəal oyunçu kimi geriləmələr var. Bu, bizə xüsusilə Dünya Ticarət Təşkilatına üzvlük proseslərinin nə qədər vacib olduğunu göstərir.  Bununla bağlı çoxsaylı təcrübələrlə tanışlıq bu təəsuratı bizə verir. Ona görə mən belə hesabatlarda epizodik göstəriciləri əsas deyil, ortalama islahatçı addımlarla möhkəmlənən siyasəti əsas hesab edirəm".

"Başqa ölkələr də yerində saymırlar"

İqtisadçı Elşən Bağırzadə Toplum.tv-yə bildirib ki, Azərbaycanda tikintilərə icazələrin verilməsi, elektrikin əldə edilməsi, xarici ticarət, müqavilələrin icrası və müflis olma prosedurları üzrə islahatlar üçün böyük potensial mövcuddur:  "Hesabata görə Azərbaycan biznesi idarə etmənin asanlığına görə 190 ölkə arasında 25-ci yerdə qərar tutub. Bu göstərici üzrə qiymətləndirmə 0-100 bal arasında aparılır və Azərbaycanın balı bu il 78,64 olub.  Nəzərə alsaq ki, Azərbaycanın aid olduğu Avropa və Mərkəzi Asiya regionunda bu bal 72,34-dür, o zaman Azərbaycanda biznes etmənin asanlıq səviyyəsinin Avropa və Mərkəzi Asiya Regionunun orta səviyyəsindən yüksəkdə dayandığını qeyd etmək mümkündür. Hesabata görə Azərbaycan biznes idarə etməsinin asanlığı göstəricisini müəyyən edən 12 göstəricinin 11-də bu il irəliləyiş əldə edib. "Müqavilələrin icrası" alt göstəricisi üzrə isə vəziyyəti dəyişməyib. Bütövlükdə gömrük, vergi, maliyyə və bank, tikintilərə icazələrin verilməsi və.s sahələrdə aparılan islahatlar bu hesabatda öz əksini tapıb. Ancaq hesab edirəm ki, Azərbaycan bu hesabatda vəziyyətini daha da yaxşılaşdıra bilər".

Onun fikrincə, beynəlxalq reytinqlər nisbi məsələ olsa da, ölkənin beynəlxalq imici baxımından önəmlidir: "Xüsusilə də belə reytinqlər Dünya Bankı kimi nüfuzlu qurumlar tərəfindən hazırlandığında təsirləri daha güclü olur.  Çalışmalıyıq ki, digər reytinq siyahılarında da Azərbaycanın mövqeləri yaxşı olsun. Bunun hər bir Azərbaycan vətəndaşına müsbət təsiri var.  Amma reytinq məsələsində bir məqamı da yaddan çıxarmaq olmaz ki, başqa ölkələr də yerində saymırlar, onlar da daim islahatlar aparırlar. Ona görə Azərbaycan da mövqelərini əldən verməməsi üçün islahatlarda, təkmilləşmələrdə davamlılıq və keyfiyyətlilik prinsipinə həmişə sadiq qalmalıdır".

"Böyük akulaların iri marağı"

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanın mötəbər reytinqdə irəliləməsi müsbət hal olsa da məsələyə daha dərindən baxmaqda fayda var: "Azərbaycanın ən yaxşı nəticə göstərdiyi indikator "monitar investorların qorunması" indikatorudur ki, bu sahədə ikinci yeri tutmuşuq.  Ölkədə səhm bazarı yox dərəcəsindədir, bəs nədən ikinci yeri tutmuşuq? Cavabı sadədir. Əsas investisiyalar enerji sahəsindədir və bu sahədə imzalanan müqavilələr parlamentdə təsdiq olunur, konstitusiyaya bərabər qüvvəyə malikdir. Daha bir səbəb odur ki, bütün sahələrdə investisiyalara dövlət zəmanəti var. Beynəlxalq Bank məsələsində bunu gördük. Bankın 3,2 mlrd. xarici borcunu dövlət üzərinə götürdü. Ən yaxşı ikinci nəticə  "Müəssisələrin qeydiyyatı" indikatorundadır. Doqquzuncu yeri göstərmişik. Burada hər şey aydındır, doğrudan da ən qısa zamanda müəssisəni qeydiyyatdan keçirmək mümkündür. Sadəcə müəssisələrin, biznesin dərdi qeydiyyat deyil, qeydiyyatdan sonra başlanan zülm - fəaliyyət dövrüdür".

O bildirib ki, Azərbaycan hakimiyyəti  21 ildir ki, ÜTT( Ümumdünya Ticarət Təşkilatı) ilə danışıqlar aparsa da hələ də üzv ola bilməyib. Onun sözlərinə görə bu proses bilərəkdən uzadılır: "Tikintiyə icazə indikatorunda 61-ci yer tutmuşuq. Bu sahədə ciddi problemlər var. Belə ki, icazə almaq bir zülmdür, tikib təhvil verib və dövlət qeydiyyatına salınması isə başqa bir dərddir. Elektik xəttlərinə qoşulma indikatorunda 74-cü yer tutmuşuq. Bu problem 25 ildir həllini tapmır. Əslində, çox asan həll oluna biləcək məsələdir. Sadəcə, "texniki şərt" satanlara və onların arxasında duranlara bu məsələnin həll edilməsi sərf etmir. Çünki böyük rüşvət mənbəyidir. Nəhayət, ən pis göstərici belnəlxalq ticarət indikatorundadır - 84-cü yerdəyik. Bu məsələnin həlli də çox sadədir - ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı) üzv olmaq lazımdır, vəssəlam. Azərbaycan hökuməti 1997-ci ildən, 21 ildir ki, ÜTT ilə danışıqlar aparır, dərd budur ki, başqa ölkələr üzv olmaq üçün danışırdılarsa bizim ölkə üzv olmamaq üçün danışır, bu işi bilərəkdən uzadır. Çünki burada da böyük "akulaların" iri maraqları var. Onlar sivil qaydalarla ticarətin əleyhinədirlər. Ona görə ki, inhisarçılıqdan, haqsız rəqabətdən böyük qazanc götürürlər".

N.Cəfərli qeyd edir ki, indikatorlar üzərində işləmək lazımdır: "Ümumilikdə, 25-ci yer yaxşı göstəricidir, amma indikatorlar üzrə işləmək, bu hesabatda dünya üzrə 6-cı yer tutan qonşu Gürcüstandan çox şey öyrənmək lazımdır".

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, korrupsiya, iqtisadi azadlıq, dünya ilə iqtisadi bağlantılar hesabatında aşağı reytinqə malik olan Azərbaycanda bizneslə məşğulluq göstəricisinin sürətlə yaxşılaşması xeyli suallar doğurur: "Əgər həqiqətən belədirsə onda islahatlar başlayıb da, qurtarıb da. Sadəcə, bizim xəbərimiz olmayıb. Çünki eşitməmişik, görməmişik".

Samirə Əliyeva
Toplum TV