17:47, 24 Sentyabr 2018 (Bazar ertəsi) 628

"Bizdə rəqəmsal bərabərsizlik var" - MÜSAHİBƏ

"Düşünürəm ki, "elektron hökumət”in populyarlaşması üçün xidmətləri daha əlçatan etmək lazımdır”.

Azərbaycanın "elektron hökumət"ə keçməsindən illər ötsə də, bir çox dövlət idarəetmə orqanlarının ya bu xidmətdən xəbəri yoxdu, ya da elektron xidmətin fəaliyyətində problemlər var, halbuki insanların, dövlət strukturları ilə arasındakı məsafəni qısaltması üçün dövlət bu elektron xidmətə milyonlarla vəsait xərcləyib. 

Bəs vətəndaşlar "elektron hökumət” portalında qeydiyyatdan keçib, oradakı elektron xidmətlərdən faydalana bilirlərmi?

Müsahibimiz "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzdür. 

- Osman bəy, bildiyiniz kimi "elektron hökümət” portalının yaradılmasında məqsəd dövlət qurumları ilə vətəndaşlar arasında olan "məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Sizcə, bu xidmət yetərincə həyata keçirilirmi, vətəndaşlar arasında populyardımı?

- "Elektron hökumət” lahiyəsində demək olar ki, əhəmiyyətli məsələlərdən biri, əhalinin böyük əksəriyyəti bu xidmətlərdən yetərincə məlumatlı deyil. Düşünürəm ki, "elektron hökumət”in populyarlaşması üçün xidmətləri daha əlçatan etmək lazımdır. Hazırda xidmət özü var, amma müəyyən mürəkkəb mərhələlər var ki, bəzən insanları diksindirir, offlayn əldə etməyə meyilli olur nəinki onlayn. Bu xidmətlərin sadələşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, bu "elektron hökumət” portalının strukturunu təkminləşdirmək lazımdı. Məsələn, elektron imza lazım olmayan xidmətləri daha çox qabartmaq lazımdı ki, onunla bağlı vətəndaşların məlumatı artsın. 

- "Elektron hökumət” portalında bir sıra problemlər hələ də çözülməyib. Yəni xidmət göstərənin bir, göstərə bilməyənin də bir başqa problemi var. Ümumiyyətlə bu problemlər haradan və nədən qaynaqlanır?

- Elektron portalda daha çox istifadə olunan xidmətlərin nələr olduğunu bilmək üçün bəzi dövlət qurumlarında olan statistik hesabatlar üzə çıxarılmalıdır. Yəni bir dövlət qurumu var ki, onun xidmətindən bir ildə 1000 adam istifadə edir, digərindən 10 adam. Buna görə də, kütləvi xidmətləri daha əlçatan etmək üçün müəyyən addımlar atmaq lazım gələcək. Eyni zamanda, dövlət orqanları arasında inteqrasiya da mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə, elektron hökümətlə bağlı əsas səlahiyyətli qurum vətəndaşlara xidmət sosial innovasiyalar dövlət agentliyi yanında bir elektron hökümətin inkişafı mərkəzidi. Bu dövlət agentliyi hazırda inteqrasiya ilə bağlı, dövlət qurumlarında olan informasiya bazaları inteqrasiyası ilə işlər aparılır. Başa çatdıqdan sonra demək olar ki, əsl elektron hökümət o zaman qurulacaq. Bizdə hələ də elə vəziyyət var ki, vətəndaşla bağlı bir dövlət qurumunda olan informasiya, digər dövlət qurumuna müraciət etdikdə elektron olan informasiyanı yenidən istəyir. 100 dövlət qurumu varsa və birində informasiya mövcuddursa digərləri təkrar istəyə bilməz. Yəni inteqrasiya olmadıqda, nəticədə belə problemlər ortaya çıxır. 

- Regionlarda "elektron hökumət” xidmət göstərirmi? Bununla bağlı nə kimi tədbirlər görülür?

- Bizdə, əlbəttə, rəqəmsal bərabərsizlik var, amma daha ciddi problem regionlar ilə bağlıdır. Yəni, "elektron hökumət” yönəlib mərkəzi icra hakimiyyəti orqanın xidmətlərinin elektronlaşmasına. Amma bizdə 60-70-ə qədər regional icra hakimiyyətləri və 20-40 arası xidmətləri var. Ümumilikdə, regional xidmətlərin elektrona çevrilməsi sahəsində ciddi problem var. Regionda yaşayan hansısa vətəndaş icra hakimiyyətinin göstərdiyi istənilən xidməti əldə etmə imkanı yaradılmayıb. Yerli icra hakimiyyətinin göstərdiyi xidmətlər paraleldir, ona görə də mərkəzi bir regional "elektron hökumət” portalı yaratmaq daha doğru olardı. Yəni bütün icra hakimiyyətlərinin xidmətlərini bir portalda cəmləşdirmək. Bununla bağlı təəssüf edirəm ki, hələ hüquqi baza da yetərli deyil. Ona görə birinci olaraq regional "elektron hökumət” ilə bağlı hüquqi baza yaradılmalı, xidmətlər hüquqi cəhətdən sadələşdirilməlidi. Yəni hazırda regionun göstərdiyi yerə xidmət, ola bilər ki, 20,30 sənət tələb edər, amma eyni xidməti elektronlaşdırdıqda artıq bu sənədlərə ehtiyac qalmır. Buna görə də mən hesab edirəm ki, birinci hüquqi islahatlar aparılmalı, daha sonra elektronlaşdırılmalıdır.

Nəzrin Bədəlli
ToplumTv