17:42, 31 Oktyabr 2018 (Çərşənbə) 396

“İmzatoplamada heç bir təşkilata müraciət etməyəcəyik” - Natiq Cəfərli

“İmzatoplamada heç bir təşkilata müraciət etməyəcəyik” - Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası (REAL) Azərbaycanda "Mer İnstitutu"nun formalaşması və seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

Partiya bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq, 40 min imza toplamaq barədə qərar qəbul edib. 

Toplum.Tv REAL-ın imzatoplama kampaniyasına nə vaxt başlayacağı barədə Partiyanın Məclis üzvü Natiq Cəfərliyə suallar ünvanlayıb. 

- Natiq bəy, REAL imzatoplama kampaniyasına nə zaman başlayacaq?

- REAL-ın təşəbbüsü əsasən də Bakıda mer seçkilərinin keçirilməsidir. Devalivasiyadan sonra dəyən ziyana görə yaranan problemli kreditlərdən ziyan çəkən vətəndaş və biznes təşkilatlara dəyən ziyanın ödənilməsi ilə bağlı da qanun layihəsinin hazırlanır. Bu prossesi bitdikdən sonra ictimaiyyətə məlumat veriləcək və imza toplama kampaniyasına başlanacaq.

- Bəs partiyanın bu prosesi icra etmək üçün yetərli resursu varmı? Bu dəfə də "online" formasında imza toplayacaqsınız?

- İmzatoplama fərdi qaydada, "offline" şəkildə olacaq. Qanunvericiliyin tələbinə əsasən 40.000 imza vətəndaşların birbaşa iştirakı ilə toplanacaq. İmza toplandıqdan sonra qanun layihəsi Milli Məclisə təqdim olunacaq. İki ay müddətində Milli Məclis ya onu gündəliyinə daxil edəcək ya da, imtina edəcək. Amma imtina etsə, bunu əsaslandırmalıdır. Biz yaxın həftələrdə bu prosesi bitirib Milli Məclisə təqdim etməyi düşünürük. 

- Başqa siyasi təşkilatlardan dəstək alacaqsınızmı? 

- Hər hansı siyasi təşkilata müraciət etmək fikrimiz yoxdur. Biz vətəndaşları siyasi mənsubiyyətlərinə görə bölmürük və bu qanun layihəsi hamıya aiddir. Bütün vətəndaşlara müraciət edib, bizə dəstək olmaq istəyən könüllülərin, üzvlərimizin səyi nəticəsində qısa müddət ərzində bu imzanı toplamağa çalışarıq. REAL-ın rəsmi üzvlərinin sayı 2400-dən çoxdur, amma üzv olmayan könüllülər də var. Onların sayı rəsmi üzvlərdən qat-qat çoxdur.

- Sizcə, buna hökumətin reaksiyası necə olacaq? Təzyiqlər, basqılar olacağı təqdirdə nə etməyi düşünürsünüz?

- Təbii ki, maneələrin olması gözlənilir. Biz Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində hərəkət edəcəyik. İmzatoplama kampaniyasını da Konstitusiyanın bizə verdiyi hüquqlara əsaslanaraq aparacağıq. Təzyiqlər olsa, təbii ki, bu ictimailəşəcək. Hökumət belə addım atsa, bu kampaniyaya olan diqqəti də artıracaq. Biz ideyamızda israrlıyıq.

Gülzar N. Məmmədli
Toplum Tv