11:53, 12 Mart 2018 (Bazar ertəsi) 128

Bir neçə cəbhəçi mitinqdən əvvəl inzibati cəza alıb

Bir neçə cəbhəçi mitinqdən əvvəl inzibati cəza alıb
Azərbaycan Xalq Cəbhəsi Partiyası 10 mart mitinqi ərəfəsi inzibati həbs cəzası alan cəbhəçilərin siyahısını yayıb.

Həbs olunanlar 15-20 sutka inzibati cəza alıblar.

Partiyadan bildirilir ki, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Xətai şöbəsinin üzvü Tahir Ağayev, Binəqədi şöbəsi sədrinin müavini Yalçın Abdullayev, şöbənin üzvü Hikmət Əliyev 15 sutka, Xətai rayon şöbəsi sədrinin müavini Faiq Nağıyev, Binəqədi şöbəsinin üzvü Bəşir Tarverdiyev 20 sutka azadlıqdan məhrum ediliblər.

Eyni zamanda, martın 9-da gecə saatlarında AXCP Nəsimi şöbəsinin fəalı Baba Suleymanı da həbs ediblər, lakin 1 gecə saxlayıb, səhəri, aksiyadan sonra sərbəst buraxıblar.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, mitinq ərəfəsində onlardan 50-dən çox adam polis şöbələrinə çağırılıb:

"Təkcə Cəlilabad rayon şöbəsinin 11 üzvü yerli polisin təzyiqinə məruz qalıb. O cümlədən, Xaçmaz, Quba və digər rayonlardan olan üzvlərimiz təzyiq altında olub. Ancaq inzibati cəza alan olmayıb”.

NİDA-dan Əbülfəz Qurbanlı bildirib ki, hərəkatın 20-yə yaxın üzvü polis şöbələrinə çağrılıb, yaxud sahə müvəkkili tərəfindən mitinqə getməməklə bağlı xəbərdarlıq alıblar. Ancaq sutkalıq cəza alan yoxdur.

Martın 10-da Milli Şura, Müsavat Partiyası və NİDA "Məhsul” stadionunda mitinq keçirib.