18:37, 29 Yanvar 2018 (Bazar ertəsi) 781

Bayılın köçməyən sakinləri: "Camaatı yalandan qorxudurlar"

Muradov qardaşları 25 ilə yaxındır ki, Bayılda yaşayırlar.

Onlar Zəngilandan qaçqın düşəndən bəri  burda məskunlaşıblar. 

Yanvarın 25-də Bayıl yamacında yaranan çatların yaratdığı sürüşmə təhlükəsi ilə bağlı sakinlər  köçürülməyə başlayıb.

Səbail rayon icra hakimiyyətinin  başçısı Eldar Əzizov da əraziyə gəlib. O, sakinlərə qohum və yaxınlarının evlərinə köçmələrini, onlara kirayə pulu veriləcəyini deyib. 

Sakinlərin bir qismi yaxınlıqdakı 163 nömrəli məktəbə yerləşdirilib. 

Rəsmi məlumatda deyilir ki, 80 ailə ərazidən köçürülüb.

Əraziyə dövlət qurumları tərəfindən qaz, işıq və su verilişi dayandırılıb. 

Sakinlər Toplum.tv-yə deyiblər ki, elekrik dirəyindəki xətlərdən biri yerindən qoparılıb, buna görə də yamacın aşağı hissəsindəki evlərə elektrik enerjisi verilir. 

Muradovların isə hələlik su ehtiyatı və işığı var. Evləri də çatdan ziyan çəkməyib. 

Zöhrab Muradovun fikrincə köçürülmələri üçün ciddi səbəb yoxdur və bu insanların qorxub köçməsi üçün yayılan şayədir. 

80 yaşlı Şamama Məmmədova deyir ki, onlara nə kompensasiya təklif edən, nə də maraqlanan var. 

Onun evindən çıxmaq niyyəti də yoxdur. Şamama Məmmədova qazın, işığın və suyun bərpa olunmasını istəyir.

Cənubdərə küçəsinin 25 illik sakini Əminə Bayramova isə məktəbdə yaradılan şəraitdən razıdır, amma hazırki vəziyyətlə bağlı prezidentdən və vitse-prezidentdən yardım istəyir. 

Bayıl yamacında noyabrdan etibarən sürüşmə aktivləşib. 

İllərdir bu proses təkrarlanır, bərpa işləri davam etdirilir, əraziyə mütəxəsislər cəlb olunub.  

Bayılda məskunlaşan sakinlərin əksəriyyəti evlərinin mülkiyyətçisi statusunda deyil, lakin mülkiyyətin vergi və kommunal xərclərini ödəyirlər.

İzzətxanım Cabarlı
Toplum Tv