10:17, 16 May 2018 (Çərşənbə) 60

Bayılda ekzogen proses müşahidə olunur

Bayılda ekzogen proses müşahidə olunur
Bayılda, Buxta küçəsi 9 ünvanı boyunca ekzogen proses müşahidə olunur.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Buxta küçəsi 9-da hələ sovet dövründə yamac terrasvarı kəsilib və yamacda evlər tikilib: "Biz Buxta küçəsindəki evlərdən təxminən 200 metr qərb - Badamdar istiqamətində müəyyən ekzogen proseslərin getdiyini müşahidə etmişdik. Buxta küçəsində yamacın terrasvarı kəsilməsi, yamacda evlərin inşa olunması, əraziyə suvarma məqsədilə, eyni zamanda, çirkab sularının axıdılması prosesin baş verməsinə səbəb olub. Nəticədə bir neçə ev uçub, yaşayış üçün mümkünsüz hala düşüb".

Evlərin yerləşdiyi yamacın sürüşməyə meylli ərazi olduğunu vurğulayan Ə. Qaralov qeyd edib ki, küçə balaca və dar olduğundan evlərin altında hansı proseslərin baş verdiyindən xəbərsizdirlər: "Ərazidə tərəfimizdən müşahidələr aparılaraq müfəssəl məlumat veriləcək".