19:17, 12 Fevral 2018 (Bazar ertəsi) 173

Bayıl sürüşməsində siyahıya alınmış şəxslərə kirayə haqqı ödəniləcək

Bayıl sürüşməsində siyahıya alınmış şəxslərə kirayə haqqı ödəniləcək
Bayılda torpaq sürüşməsinin təhlükəli ərazisində olan və evlərindən köçürülən 98 nəfərin siyahısı Nazirlər Kabinetinə təqdim olunub. 

"BBC Azərbaycanca"nın verdiyi xəbərə görə, bu haqda Səbail rayon Fövqəladə Hallar Komissiyasının sədri Abid Əliyev deyib.

"Yaxın günlərdə, sabah, ya birisi gün evlərindən köçürülən ailələrə kirayə haqqı ödəniləcək", - Abid Əliyev bildirib

Fevralın 10-da baş vermiş növbəti sürüşmə zamanı dərənin yamacında tikilmiş dörd ev yararsız vəziyyətə düşüb.

Bundan əvvəl, yanvarın 24-dən etibarən Bayıl yamacındakı sürüşmə zonasında olan 80 evin 390 sakini təhlükəsiz yerlərə -qohum və tanışlarının evlərinə və məktəblərdə yaradılan sığınacaqlara köçürülüb.

"Sürüşmə bloku üzərində çoxsaylı çatlar əmələ gəldi. Orda çatların eni 20 metrdən çox olan yerlər var, görünən dərinlik isə 10-12 metrdir", deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov BBC Azərbaycancaya 10 fevralda baş vermiş hadisəni izah edib.

O əlavə edib ki, sürüşmə prosesi 2017-ci ilin dekabr ayından aktiv fazadadır.


"Təhlükəli zonaya düşən insanların siyahısı tərtib olunub və Nazirlər kobinetinə göndərilib. Kirayə məbləği orta qiymət olacaq, yəqin onu Nazirlər Kabineti müəyyən edəcək", cənab Abid Əliyev qeyd edib.

Hazırda sürüşmə prosesinin bitmədiyini deyən rəsmi sabahdan başlayacaq yağışlara görə hələ də təhlükənin qalmaqda olduğunu bildirib.

Rəsmi məlumata görə, Bayılda olan sürüşməyə meylli ərazidə 67 ev müəyyən olunub. Orada yaşayan 390 nəfər Səbail RİH tərəfindən köçürülüb.

Sürüşmə ərazisi Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşir.