14:13, 30 Noyabr 2018 (Cümə) 357

Baş redaktor prokurorluğa çağırıldı

Baş redaktor prokurorluğa çağırıldı
Noyabrın 30-da Səbail Rayon Məhkəməsində hakim Nürəddin Bağırovun sədrliyi ilə "bastainfo.com” saytının şikayətinə baxılıb.

Saytın baş redaktoru Mustafa Hacıbəylinin məlumatına görə, məhkəmə başlayan kimi hakim tərəfləri dinləmədən öz qərarını elan edib: "Heç məhkəmədə tərəflərin hüquqlarını onlara elan etməyə də ehtiyac duymadı. Bildirdi ki, məhkəmə şikayət üzrə icraata hazırlıq iclası mərhələsində xitam verib. Qərarın gələn həftə mənə təqdim olunacağını və bundan apelyasiya şikayəti verə biləcəyimi dedi”.

Baş redaktor deyib ki, hakim yalnız öz qərarını elan etdikdən sonra tərəflərə öz mövqelərini bildirməsi üçün şərait yaradıb: "Mən prokurorluğun "Basta” saytında dərc edilən yazılarla bağlı fakt üzrə qaldırdığı cinayət işinin əsasız olduğunu, bunun senzuraya xidmət etdiyini, təqiblərlə üzləşdiyimi və prokurorluğun təqdimatı əsasında sayt bloklanarkən nazirlik tərəfindən hüquqi prosedurlara əməl olunmadığını bildirdim. Əvvəlcə İnzibati İqtisad Məhkəməsi, sonra Bakı Apellyasiya Məhkəməsi indi də Səbail Rayon Məhkəməsi bu qanunsuzluqla bağlı ədaləti bərpa etmir. Mən indi hara müraciət etməliyəm? Bu sualla hakimə müraciət etdim. O dedi ki, qərardan apelyasiya şikayəti verə bilərsiniz”.

Bundan bir qədər sonra Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğuna çağırılıb.

"Maraqlıdır ki, məhkəmə prosesi başa çatdıqdan 10 dəqiqə sonra mənə Bakı Şəhər Prokurorluğunun müstəntiqi Elçin Musayev zəng etdi. Müstəntiq məni vəkilimlə birgə prokurorluğa çağırdı. Çağırışın səbəbini bilmirəm, müstəntiq bunu demədi. Saat 15:00-da prokurorluğa gedəcəm”, – deyə Mustafa Hacıbəyli əlavə edib.

Bu il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

Orada bildirilib ki, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı adamlar internet vasitəsilə həqiqətəuyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlandığı bildirilib.

Prokurorluq "bastainfo.com” saytına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət də edib. Bundan sonra "bastainfo.com” saytına giriş məhdudlaşdırılıb.

Türkan Bəşir
Toplum TV